DİN: Epidemiya əleyhinə rejimi pozan 25 iaşə obyekti aşkarlanıb


Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15.00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

APA xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin məlumatında yer alıb. Bildirilib ki, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimələnib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət edilib. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunub, 3 nəfərin barəsində inzibati həbs qərarı seçilib.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1590 avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd edib.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.

 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu