Düşmən narahatdır:”Sərhəd qoşunlarımızın ora yerləşməsi... ” - AKTUAL


Ermənistan növbəti  dəfə təxribata əl atıb. Düşmən martın 27-si saat 12:00 radələrindən etibarən  Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimizi, arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələrini iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. 
Atəşkəs Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən pozulub.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub. 

 
 
Təxribatı "Sherg.az"a təhlil edən , millət vəkili, politoloq Arzu Nağıyev hesab edir ki, bu, müəyyən məqsədlərə xidmət edən cəhdlərdir: 
"Əvvəla, onu deyim ki, sərhəd qoşunlarımızın həmin bölgəyə yerləşməsi müəyyən mənada düşmən tərəfini narahat edir. İkinci əsas səbəb isə qlobal əhəmiyyətli koronavirus pandemiyasıdır. Ermənistanda vəziyyət ağırdır. Ancaq Dağlıq Qarabağda “seçkilər” keçirilməlidir. Ona görə də hökumət əhalini inandırmaq istəyir ki, Dağlıq Qarabağda pandemiya yoxdur. Təxribatın əsas məqsədlərindən biri də əhalinin fikrini başqa yerə cəmləmək, xəstəliyi unutdurmaqdır".