"Evdən çölə çıxdınsa yoluxacaqsan"- İtaliyada yaşayan soydaşımız "Şərq"ə danışdı


Dünyada sürətlə yayılan koronavirus canlar almaqda davam edir. Bu infeksiyanın əsas mərkəzi isə Avropa ölkələri, o cümlədən İtaliyadır.

Orada COVİD- 19-a yoluxanların, ölənlərin sayı hər gün daha da artır. Mövcud situasiya qorxu filmlərini xatırladır... Bütün planet, eləcə də, İtaliya əhalisi Servantesin Don Kixotu kimi gözə görünməz düşmənlə mübarizə aparır. Vəziyyət isə günü gündən gərginləşir.

"Sherg.az" saytı olaraq 20 ildir,  İtaliyanın Belluno şəhərində yaşayan soydaşımız Vüqar İbrahimli ilə əlaqə saxlayıb suallarımızı cavablandırmasını xahiş etdik:



- Hazırda İtaliyada durum necədir?
- Çox pis. Yoluxanların, ölənlərin sayı həddən artıqdır. Küçələr bom- boşdur. Ancaq bir neçə müəssisə, o cümlədən klinikalar, apteklər işləyir. 

- Sizcə, niyə vəziyyət bu qədər ağırdır?

- Çünki əhali gec ayıldı. Qabaqlayıcı tədbirlər vaxtında görülmədi.

- İndi insanların COVİD-19 haqqında fikirləri nədir?

- Hərə bir şey düşünür. Şəxsən mən də bu fikirdəyəm ki, koronavirus bioloji silahdır. Statistik göstəricilər açıqlandıqdan sonra əvvəl infeksiyaya biganə yanaşanlar da ciddi olmağa başlayıblar.

- Dövlət hansı addımları atır?

- Aprelin üçünə kimi karantin rejimi elan olunub. Ehtimal var ki, 15- nə kimi uzadılsın. Gələn həftədən xüsusi tamponla insanlar test ediləcək.

Ölü saylarının qarşısını almaq üçün artıq İtaliyada ev-ev gəzib koronavirusa yoluxanları aşkarlayacaqlar.

Onu da deyim ki, küçəyə çıxmaq üçün mütləq anket doldurmalı, hara getdiyini bildirməlisən. Əgər polis sənin yalan məlumat verdiyini müəyyənləşdirsə cərimə tətbiq edir. 

- Bəs hansısa güzəştlər olacaq?

- Bəli. Hər əiləyə 600 avronun verilməsi nəzərdə tutulur. 

- Medianın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Televiziya kanalları, internet portalları əhalini maarifləndirməyə, insanların panikaya qapılmamasına çalışır. İndi hamı koronavirusdan danışır. Heç kimi başqa heç nə maraqlandırmır. Hətta müharibələr də.

- Azərbaycanda yaşayanlara tövsiyələriniz nələrdir?

Sizə məsləhətim odur ki, gec qalmayın... Ən effektiv addım evdən çölə çıxmamaqdır. Evdən çölə çıxdınsa yoluxacaqsan. Mütləq deyilənlərə əməl etmək lazımdır. 



Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu