Azərbaycan mediası virusla mübarizədə  dövlətin yanındadır 





Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"  

Müasir dövrdə kütləvi informasiya vasitələri cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.   

Heç şübhəsiz jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür.  Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir. Media insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir.
Hər nə qədər ictimaiyyətin bir kəsimi hazırkı reallıqda Azərbaycan mediasının cəmiyyətə təsir imkanının olmamasını iddia etsə də, media nümayəndələrinin əksəriyyəti onların bu fikirləri ilə qəti şəkildə razılaşmırlar.

Ekspertlər hesab edir ki, media bu gün də cəmiyyəti öz arxasınca aparmağı bacarır. Yəni "medianın təsir imkanları yoxdur” kimi fikirlər absurddur. Peşəkarlara görə, mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. KİV-lərin maarifləndirici funksiyası bir xeyli axsasa da, medianın güclü silah olduğunu etiraf edirlər. Hesab edirlər ki, hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir. Sözsüz ki, əksini düşünən media ekspertləri də yox deyil.

Qeyd edək ki, son günlər dünyanın əsas müzakirə mövzusuna çevrilən koronavirus xəstəliyi sosial media və mətbuatın da gündəmində olan əsas məsələdir. Azərbaycan mediası dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin və izolyasiya qaydalarının cəmiyyətə çatdırılması və bu istiqamətdə əhalinin maarifləndirilməsi üçün əlindən gələni edir. Jurnalistlər öz yazılarında  koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu, təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

Bu cür nöqsanlara rəğmən dövlətin həyata keçirdiyi tədbirlərin təbliğ edilməsində, əhaliyə çatdırılmasında medianın da rolu danılmazdır. Azərbaycan mediasının bu virusla mübarizədə sərgilədiyi münasibət, atdığı addımlar nəzərdən qaçmır.
Bir çox ekspert hesab edir ki, Azərbaycan mediası virusla mübarizədə heç də dövlət qurumlarından az iş görmür və dövlətin yanındadır. Mediamızın bu virusla bağlı ajiotaj, panika yaratmaq yönümlü yazılara, xəbərlərə üstünlük vermədiyini deyən ekspertlərin fikrincə, mətbuat dövlətçi mövqe ilə çıxış etməklə yanaşı, həm də bu məsələyə peşəkar münasibət sərgiləyib.

Jurnalistlərin Həmkarlar İttifaqlarının sədri, media üzrə  ekspert Müşfiq Ələsgərlinin sözlərinə görə, ölkəmizin ənənəvi və peşəkar mediası kifayət qədər təmkinli davranmağa və rəsmi xəbərləri yaymağa üstünlük verdi.

Amma təəssüf ki, “bir nəfərlik” xəbər saytları, eyni zmanda, bəzi qondarma KİV qurumları, xüsusən də sosial şəbəkələr çox ciddi yanlışlıqlara yol verdilər. Bu cür halların təkcə Azərbaycanda olmadığını vurğulayan M. Ələsgərli deyib ki,  bu günlərdə Avropa jurnalist təşkilatları geniş bir toplantı keçirib və təşkilatlar adından yekun bir  bəyanat qəbul etdilər. Həmin bəyanatda da koronavirus ətrafında xoşagəlməz bir kampaniya aparılmasının qeyd edildiyini deyən M.Ələsgərlinin sözlərinə görə, o sənəddə yekun olaraq insanların sosial şəbəkələrə deyil, peşəkar media qurumlarına istinad etməli olduğu tövsiyə edilib.

“Ənənəvi, peşəkar media qurumlarına da müraciət olundu ki, onlar bu cür durumda məsələyə həssas yanaşsınlar və insanlara doğru, düzgün məlumat çatdırsınlar, daha çox rəsmi qurumların məlumatlarını yaymağa çalışsınlar. Demək istəyirəm ki, bu məsələ artıq lokal deyil, beynəlxalq məsələdir. Sözügedən qurumun toplantısında belə bir fikir vurğulandı ki, koronavirusun bir bioloji virus olaraq insanlara vurduğu zərərdən daha çox onlara koronavirus ətrafında aparılan süni kampaniya zərər vurdu. Onlar bundan daha çox əziyyət çəkdilər”.

Azərbaycanda bu işin çox peşəkar səviyyədə qurulduğunu deyən M.Ələsgərli hesab edir ki, peşəkar KİV öz öhdəsinə düşən işləri yaxşı şəkildə yerinə yetirir:

“Azərbaycanda koronavirusla mübarizə tədbirləri çox yüksək səviyyədə qurulub. Dövlət başçısının rəhbərliyi ilə dövlət qurumları bu məsələyə kifayət qədər operativ reaksiya verdilər və önləyici addımlar atdılar. Nazirlər Kabineti yanında Operativ qərargahın yaradılması, buna müvafiq olaraq ciddi addımların atılması, təhsil müəssisələrində müvəqqəti olaraq təhsil prosesinin saxlanması və müəssisələrin dezinfeksiya edilməsi, sığınacaqların təşkil olunması, səhiyyə müəssisələrinin hazırlıqlı duruma gətirilməsi, qaynar iş rejiminə keçilməsi onu göstərdi ki, Azərbaycan dövləti və dövlət başçısı məsələyə çox həssasdır. Dövlət imkan vermək istəmir ki, Azərbaycanın bir nəfər də olsa vətəndaşı bu virusdan əziyyət çəksin. Burada vətəndaşların üzərinə düşən iş məsələyə həssas yanaşmaq və dövlətə güvənməkdir, informasiyanı dövlət qurumlarından və peşəkar mediadan alsınlar”. 

"Kaspi"qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, yaranmış ekstremal şəraitdə media dövlət və cəmiyyətlə qarşılıqlı təmaslar şəraitində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır:

"Xüsusilə televiziyalar böyük həcmdə iş görməkdədirlər. O cümlədən də internet mediası on-line rejimdə həm əhalinin informasiya təminatında, maarifləndirilməsinə böyük həcmli iş görməkdədirlər. Təəssüf ki, çap mediasının fəaliyyəti ilə bağlı problemlər mövcuddur. Amma qəzetlərin də kollektivləri öz internet resurslarının vasitəsilə ümumi işə töhfə verməyə çalışırlar. Aparılan işlərin hökumətin atdığı addımlar vətəndaşlara məhz media vasitəsilə çatdırılır. Hesab edirəm ki, medianın bu ekstremal şəraitdəki fəaliyyətini qənaətbəxş hesab etmək olar".

Jurnalist Araşdırmaları  Mərkəzinin rəhbəri Seymur Verdizadə də hesab edir ki, koronavirusla mübarizədə Azərbaycan jurnalistlərinin bir nəfər kimi səfərbər olduğunu söyləmək olar:

“Hazırda koronavirus mətbuatın bir nömrəli mövzusuna çevrilib. Bu da təbiidir. Peşəkar yanaşma bunu diktə edir.  Sevindirici haldır ki, Azərbaycan jurnalistləri təkcə xəbər verməklə öz işlərini bitmiş hesab etmirlər. Jurnalistlər həm də maarifləndirirlər. Koronavirusla bağlı maarifləndirici yazıların sayı getdikcə artır. Bu isə özlüyündə müsbət haldır və cəmiyyətin koronavirus infeksiyasından daha az itki ilə çıxmasına xidmət edir. Aparıcı KİV-lər peşəkar davranır, cəmiyyətdə panikaya yol açan xəbərləri, dəqiqləşdirilməmiş məlumatları tirajlamırlar.Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın bütün press-relizləri KİV-də yayılır, həmişə rəsmi məlumatlara istinad olunur. Jurnalist təxəyyülünü işə salmaq, aya, ulduza baxıb cümlə qurmaq indi dəb deyil. Digər təbəqələrin nümayəndələri kimi, jurnalistlər də yaxşı başa düşürlər ki, koronavirus kimi dəhşətli pandemiya İP uğrunda mübarizədə vasitə ola bilməz. Mən fürsətdən istifadə edib, vacib bir məqama da diqqət çəkmək istəyirəm. İnternet mətbuatından fərqli olaraq, televiziyalar koronavirusla mübarizəyə bir qədər gec qoşuldular. Halbuki telekanalların auditoriyası daha genişdir, efefktiv görüntü imkanlarına sahib olmaları onların əsas üstünlüyüdür. Xüsusilə, telekanallar  bu prosesdə yaxından iştirak etməlidirlər. Biz İP uğrunda mübarizəni arxa plana keçirdiyimiz kimi, onlar da "tamaşaçı ovu"ndan müvəqqəti imtina etməlidirlər. Dünya, o cümlədən, Azərbaycan tarixin ən həssas dönəmlərindən birini yaşayır.
"Qocalar, ay qocalar, biz sizə minnətdarıq, qocalar, ay qocalar" ritorikasından imtina edib, vəziyyətin necə həssas olduğunu qocaların diqqətinə çatdırmaq lazımdır. Efirdə dombaalq aşmağın, meymunluq etməyin vaxtı deyil”.

 Məlumat üçün bildirək ki, dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində xüsusi video-çarxlar hazırlayıb.

Mərkəzdən verilən məlumata görə, vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu