“Xalqın sağlamlığı daim prioritet məsələdir” - Politoloq 

“Xalq olaraq biz də özümüzdə məsuliyyət hissimizi gücləndirməli və cəmiyyətimizin sağlamlığı naminə öz əlimizdən gələni etməliyik. Bu isə ən sadə qaydalara riayət etməkdən ibarətdir”


""Yeni klinika" tibb müəssisəsinin açılışında cənab Prezidentin çıxışı zamanı cəmiyyətimizə verdiyi önəmli mesajlar hər bir vətəndaş üçün yaddaş kitabçası olmalıdır". 

Bunu "Sherg.az"a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Siyasi şərhçinin sözlərinə görə, qısa zaman kəsiyində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 90 milyon manat yığılması onu sübut edir ki, biz xalq olaraq ən mürəkkəb zamanlarda birləşib çətinliyə sinə gərə bilirik: 

"Lakin biz bununla kifayətlənə bilmərik. Fərd olaraq bu günlərdə özümüzdən tələb etdiyimiz birinci xüsusiyyət məhz məsuliyyət olmalıdır. Əgər mənim məsuliyyətimin bitdiyi yerdə digər bir şəxsin sağlamlığı başlayırsa deməli vətəndaş olaraq ən sadə gigiyena qaydalarına və müvafiq qurumlar tərəfindən qoyulan tələb və tövsiyələrə əməl etməli olduğumuzu dərk etməliyik. “Mən qorxmuram, mənə bir şey olmaz” sözü “məni sancmayan ilan min il yaşasın” məsəli ilə eyni mənanı kəsb edir. Bu “ilan” mənim, sənin ailəndən bir nəfəri zəhərləsə, bu əvvəla cəmiyyətin, daha geniş kontekstdə bəşəriyyətin sağlamlığı üçün təhlükədir. Çünki bu məsələ zəncirvari bir prosesdir. Bundan əlavə, hər kəs dərk etməlidir ki, zəruri ehtiyaclar olmadığı halda özümüzün, ailəmizin və cəmiyyətimizin təhlükəsizliyi üçün evdə qalmalıyıq. 
Koronovirusla mübarizə istiqamətində bu gün dövlət səviyyəsində bütün zəruri imkanlardan istifadə olunur".

Analitikə hörə, "Yeni klinika" tibb müəssisəsinin açılışı da Azərbaycan dövlətinə və xalqına bu məsələ ilə mübarizədə kömək edəcək: 

"Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələrinin müalicə alması dövlətin vətəndaşa nə dərəcə həssas yanaşdığını bir daha sübut edir. Azərbaycan tərəfindən atılan müvafiq addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Çünki Azərbaycan ilk ölkələrdən idi ki, infeksiya daha geniş əraziyə yayılmadan və ölkədə pandemiya vəziyyəti elan olunmadan Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələr daha da sürətləndirildi. Digər tərəfdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verməsi onu gəstərir ki, Azərbaycan məsələnin həlli istiqamətində nəinki xalq olaraq daxilində özü həmrəydir, həm də yüksək bəşəri missiya yerinə yetirərək bəşəriyyətin təhlükəsizliyinə də töhfə verir".

Ş.Həsənova vurğulayıb ki, əsas məqsəd mövcud bəladan minimum itkilərlə çıxmaqdır: 

"Bu baxımdan koronavirus infeksiyasının dünya gündəmini zəbt etdiyi ilk gündən məsələyə şəxsən cənab Prezident İlham Əliyev tərəfindən anbaan nəzarət olunması ondan xəbər verir ki, ölkə başçımız ən çətin günlərdə belə hər zaman olduğu kimi operativ qərar qəbuletmə və soyuqqanlılıq xüsusiyyətinə sadiq qalaraq xalqın sağlamlığı məsələsini prioritet olaraq gördü. 
Eyni zamanda istər Azərbaycan həkimləri, istər polislər, istərsə də Operativ Qərargah işçiləri böyük bir bəşəri missiyanın öhdəsindən ləyaqətlə gəlirlər. Xalq olaraq biz də özümüzdə məsuliyyət hissimizi gücləndirməli və cəmiyyətimizin sağlamlığı naminə öz əlimizdən gələni etməliyik. Bu isə ən sadə qaydalara riayət etməkdən ibarətdir. Hamımız ən sadə həqiqətləri dərk edib, ümumi səylərimizi ortaya qoyaraq bu çağırışın da öhdəsindən gəlməliyik".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu