Karantin vəziyyətinin insan psixologiyasına təsiri və bundan xilas yolları... - İZAH

Son aylar koronavirus pandemiyası bizi narahat edən əsas məsələlərdən biridir. Haqsız da deyilik. Müşahidələr göstərir ki, bəziləri belə fövqəladə anlarda məsələyə tamamilə biganə yanaşır, bir qrup isə təhlükəni şişirdərək ürəyinə salır. Bu vəziyyətlə əlaqəli aşağıdakı suallar meydana çıxır:

1. Koronavirus problemini necə qiymətləndirməli?
2. Xəstəliklərin insan  psixologiyasına təsiri necədir?
3. Karantin vəziyyətində  təlqinlərin insan psixologiyasına təsiri nədən ibarətdir?
4. “Karantin səni sıxır?”
5. Karantində necə sıxılmamaq olar?

Koronavirus problemini necə qiymətləndirməli?

Istənilən problemə ilkin psixoloji yanaşma aşağıda göstərilən iki formadan biri baş verəndə  yanlış olur:
1) Həddindən artıq laqeyd yanaşma;
2) Həddindən artıq panik yanaşma.
Ümumiyyətlə ətrafda baş verən heç bir hadisə səbəbsiz deyil və tam laqeyd yanaşma yanlışdır. Bu prizmadan baxış insanı psixoloji cəhətdən sakit saxlasa  belə, müəyyən müddətdən sonra sırf müdafiə mexanizminə çevrilir və fiziki cəhətdən qorunmanın qarşısını alır.
Panik yanaşma isə psixoloji cəhətdən həyəcan, stress, qorxu kimi emosional proseslərin yaranmasına gətirib çıxarır. Bu zaman emosional vəziyyətin dəyişməsi və kəskinliyindən asılı olaraq insan orqanizmində hormonal dəyişiklik baş verir. Nəticədə  sağlamlıq problemi olan insanların səhhəti zərbə altına düşür. Sual meydana çıxır : “ Bəs hansı baxış bucağını seçməliyik?”
Belə vəziyyətlərdə düzgün yanaşma balansı qorumaq, nə laqeyd, nə də panik mövqe seçməkdir.  Lazımi təhlükəsizlik tədbirləri almaqla biz fiziki, balansı qorumaqla isə psixoloji cəhətdən müdafiə olunmalıyıq.

Xəstəliklərin insan  psixologiyasına təsiri necədir?

Xəstəlik ümumiyyətlə mənfi hal kimi qiymətləndirildiyi üçün çox vaxt insanlarda həyəcan, stress və qorxu yaradır. Sözügedən emosional proseslər isə orqanizmdə adrenalin, noradrenalin və kortizol hormonlarının  artması ilə nəticələnir. Gəlin, bu vəziyyətin insan orqanizmində təsirlərinə nəzər yetirək:
Stresli dövrlərdə vücudunuzun vəziyyətə reaksiyası kortizol səviyyəsini artırmaqdır. O, stressə və yorğunluğa ən çox təsir edən hormondur. Səhər oyananda artır və gün ərzində bizə enerji verir. Gecə düşəndə isə yuxusuzluğa səbəb olur. Simptomları bunlardır: Daimi yüksək səviyyədə kortizol mədə xorası, yüksək təzyiq, yorğunluq, narahatlıq və yüksək xolesterin.
Çoxumuz bir ad olaraq bilirik ki, adrenalin qorxu və həyəcan vəziyyətində bədəndə artan hormondur. Bədən stress vəziyyətində olduqda hormonların sərbəst buraxılmasından məsuliyyət daşıyan vücudumuz hipotalamusa, hipofiz bezinə bir xəbərdarlıq göndərir və adrenalin ifraz etməsi lazım olduğunu çatdırır. Adrenalinin əsas vəzifəsi bu cür stresli vəziyyətdə barmaqların ucu, burun və qulaq kimi kapilyarlardan qan çıxarmaq və mövcud vəziyyətlə mübarizə aparmaq üçün inkişaf etdirdiyiniz silahlar kimi geniş əzələ qruplarına göndərməkdir. Buna görə stress zamanı birdən gücləndiyini hiss edirsən. Heç özün də bilmirsən, nə oldu, necə oldu…
 Noradrenalin isə qəzəb və təhlükəli vəziyyətlərdə artır. Özünüzü yaxşı hiss  etdirən əsas hormonlardandır. Noradrenalin və adrenalin stress və ya təhlükə vəziyyətində olduqda "döyüşmək və ya qaçmaq" qərarı ilə əmrlər göndərir. İnsan ağlı da bu hormonlara əsaslanaraq qərar verir və nəticədə ya döyüşməyi, ya da qaçmağı üstün tuturuq.
 
Karantin vəziyyətində  təlqinlərin insan psixologiyasına təsiri nədən ibarətdir?

Istənilən vəziyyətdə yanlış təlqin psixoloji cəhətdən zərərli qiymətləndirilir.  Xüsusilə Covid-19  infeksiyasından dolayı yaranmış karantin vəziyyətində bu hal daha çox diqqət çəkir. Unutmaq olmaz ki, hər hansı informasiyaya yanaşma insanlar arasında çox fərqlidir. Yəni konkret problemlə əlaqəli məlumat toplayanda da ətrafdakılardan eşitdiyimiz informasiyalar müəyyən dərəcədə həmin insanların şəxsi yanaşmalarının təsiri ilə dəyişir. Təsəvvür edək ki, əldə etdiyimiz  bir informasiya panik yanaşmalı 3 insansandan bir-birinə ötürülmə ilə gəlib bizə çatmışdır. Bu zaman biz bu informasiyanın tam düzgünlüyünə və obyektivliyinə heç cür əmin ola bilmərik. Düzgün və obyektiv olmayan məlumat isə insanın  psixoloji cəhətdən yanlış yönlənməsinə və zərər görməsinə gətirib çıxara bilər. Oxşar nümunələr də göstərir ki, istər  psixoloji, istərsə də fiziki cəhətdən rahatlığımız üçün mütləq məlumatı dəqiq və əsas mənbədən almaq başlıca şərtdir. Bu baxımdan yaranmış vəziyyətlə əlaqəli məlumatlı olmağa və bu məlumatı şaiyələrdən, dedi- qodulardan, hansısa qeyri- peşəkar saytlardan deyil, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstərdiyi dəqiq xəbərlərdən və yalnız rəsmi xəbərlərdən almağa çalışmalıyıq. Unutmayaq ki, insan məlumatsız olduğu, nə edəcəyini bilmədiyi bütün vəziyyətlərdə qorxu, həyəcan hissi keçirər. Bu da tam təbii haldır

 “Karantin səni sıxır?” 
 
Yəqin ki, bu sualın cavabı ayrı- ayrı yaş dövrləri  və fərqli həyat tərzləri olan insanlar üçün müxtəlifdir. Yəni gənclik yaş dövrünün və orta yaş dövrünün cavabı, işinə və ya təhsilinə ara verilmiş insanla, işini  davam etdirən insanların cavabı üst- üstə düşməyə bilər. Odur ki, sualın subyektiv səciyyə daşıdığını nəzərə çatdırmalıyıq.  Bəlkə də, bu barədə sorğu keçirmək daha düzgün olar.

Karantində necə sıxılmamaq olar?

Gəlin, bir anlıq karantinə qədər gündəlik  vaxtımızı necə keçirdiyimizi yada salaq. Ola bilsin, böyük əksəriyyətimiz  həmin günlərdə də sıxılırdıq. Məsələn məktəbli hər gün məktəbə getməkdən, tələbə mühazirə və seminar dərslərindən, kimsə hər gün eyni işlərlə məşğul olmaqdan bezir və istirahət istəyirdi. Indi isə, əksinə, istirahətdən sıxılırıq. Niyə? Bu suala cavab axtaraq. Bəlkə də, istirahətimizi  də, işimiz kimi monoton şəkildə təşkil etdiyimiz üçün belədir. Istirahət deyəndə insanların ağlına dərhal kitab oxumaq, film izləmək,  yatmaq, oynamaq və s… olur. Ilk baxışda hər biri çox gözəl fikirlər kimi görünür. Həqiqətən, belədir. Elə isə nə üçün darıxırıq? Çünki düzgün vaxt bölgüsü, doğru yuxu rejimi tətbiq etmədən istirahətimizi də davamlı eyni fəaliyyəti təkrarlamaqla darıxdırıcı hala gətiririk. Durmadan kitab oxumaq da, film izləmək də, yatmaq da, yemək bişirmək də, oynamaq da insanı yorar. Buna görə çalışıb istirahətimizi və fəaliyyətimizi düzgün şəkildə qurmalıyıq ki, sıxılmayaq və vaxtımızı səmərəli şəkildə keçirməklə yanaşı zövq alaq. Bu zaman aşağıdakılara  əməl etməliyik:
1. Yuxu saatlarını normal günlərdə olduğu kimi rejimli qurmaq;
2. Davamlı eyni fəaliyyətlə deyil, fərqli işlərlə məşğul olaq;
3. Ən azından bir neçə saatı bu günə qədər gördüyümüz işlərə ( dərs oxumaq, ixtisasla bağlı informasiya toplamaq və özünü inkişaf etdirmək) sərf edək;
4. Ailə üzvlərimizlə ünsiyyətdə olmağa çalışaq;
5. Gələcək həyat planlarımızı bir daha gözdən keçirək və s...

Son olaraq unutmayaq ki, insan sosial varlıqdır. Bu, o deməkdir ki, ünsiyyət bizim ən təbii təlabatlarımızdan biridir. Heç şübhəsiz, karantin günlərində sıxılmağımızın ən böyük səbəblərindən biri davamlı görüşdüyümüz və ünsiyyətdə olduğumuz insanlardan uzaq qalmaqdır. Belə olan təqdirdə bu ünsiyyət təlabatımızı “online” proqramlar, sosial şəbəkələr vasitəsilə, ən əsası isə ailə üzvləri ilə ünsiyyətdə olmaqla bərpa edə bilərik. Çalışaq fərqli məkanlarda olsaq belə birlikdə  qalaq. Çünki  biz birlikdə güclüyük! 

    Sənubər Nəzərova, APU- nun Məktəbəqədər təhsil, korreksiyaedici təlim, sosial-psixoloji xidmət fakültəsinin dördüncü kurs tələbəsi

Paylaş

Bizi Facebookda izləyin
menu
menu