“Dövlətə dəstək vermək və qaydalara riayət etmək lazımdır” - Məsuliyyətli olaq!

“Azərbaycanda virusa yoluxanların sayı sağalanlarla nisbətdə olduqca böyükdür”

“Bu isə olduqca təhlükəlidir. İnsanlar məcbur qalmadıqca evlərindən çıxmamalı, adamlarla ünsiyyətdən qaçmalıdır"




“Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır".
Bunu Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, məsuliyyət hissi bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır: "İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır".
Ölkə rəhbəri bəyan edib ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir: 
"Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın”.



Dövlət başçısının diqqət çəkdiyi məqamları "Sherg.az"a dəyərləndirən politoloq Rusif Məmmədsoy bildirib ki, hər bir vətəndaş son dərəcə məsuliyyətli olmalıdır: 

"Bütün dünyanı öz cənginə almış bu pandemiya insan həyatı üçün həqiqətən də olduqca təhlükəlidir. Bu mənada dövlətlər öz sərhədlərini bağlayıb və karantin rejimi elan edib. İnsanlar da bu çağırışlara cavab verməli və mütləq şəkildə dövlətin qayda və qanunlarına riayət etməlidir. Ölkəmizdə virus geniş miqyas almayıb. Lakin bu virusa yoluxanların sayı sağalanlarla nisbətdə olduqca böyükdür. Bu isə olduqca təhlükəlidir. İnsanlar məcbur qalmadıqca evlərindən çıxmamalı, adamlarla ünsiyyətdən qaçmalıdır".

Siyasi şərhçiyə görə, indiki məqamda söz dinləmək olduqca olduqca vacibdir: 

"Bildiyiniz kimi bu virus Çində başlayıb, amma ölkənin səhiyyə naziri virusun sona çatdığını bəyan edib. Yəni, yeni yoluxma halları aşkar edilməyib. Bundan nəticə çıxartmaq lazımdır. Dövlətə dəstək vermək və qaydalara riayət etmək lazımdır. Nə zamana qədər ki, insanlar küçələrdə olacaq bunun qarşısını almaq qeyri-mümkündür. Ən azından virusun dərmanı tapılana qədər diqqətli olmalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu