TƏKLİF: "Stomatoloqlar da işlərini dayandırmalıdır” - Qərarlar sərtləşsin!


Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 29 mart saat 00:00- dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə bütün ictimai-iaşə obyektlərində - kafe, restoran, çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Bu obyektlərdən məhsulların evə çatdırılma xidmətinə isə məhdudiyyətsiz icazə verilib. Həmçinin bildirib ki, bərbərxana, gözəllik salonları, avtomobil təmiri sexləri, oyun salonları və digər buna bərabər əhaliyə yerində xidmət göstərən obyektlərin fəaliyyəti də dayandırılıb. 



Məsələ ilə bağlı "Sherg.az" a danışan ictimai-siyasi xadim, həkim- stomatoloq Zəlimxan Məmmədli bu qərarın müsbət nəticə verəcəyini nəzərə çatdırıb:

 "Heç kim koronavirusdan sığortalanmayıb. Gözəllik salonlarında, bərbərxanalarda işləyənlər istər- istəməz dəri, o cümlədən selikli qişa ilə təmasda olurlar. Nəticədə virusun onlara yoluxma ehtimalı çoxalır. Əgər həmin obyektlərə gələn insanları koronavirus əleyhinə test etmək mümkün olsaydı, bu qərara, bəlkə də, ehtiyac qalmazdı. Amma faktiki olaraq kimin koronavirusa yoluxduğunu, kimin sağlam olduğunu demək çətindir. İkinci bir tərəfdən heç də bütün belə obyektlərdə dezinfeksiya işləri lazımi səviyyədə aparılmır. Yəni işçi bir aləti dezinfeksiya etmədən üç- dörd, bəzən də daha çox müştəridə istifadə edə bilər. Nəticədə isə virusun yayılması üçün şərait yaranacaq. Odur ki, qərarı müsbət qiymətləndirirəm".

 Z. Məmmədli, həmçinin daha sərt qərarlara ehtiyac olduğunu deyib:
"Stomatoloqlar da işlərini dayandırmalıdırlar. Çünki onlar da xəstə ilə çox yaxın təmasda olurlar. Məsələn mən artıq xeyli müddətdir ki, xəstə qəbul etmirəm. Yalnız ekstremal vəziyyətlərdə olanlara xidmət göstərilməlidir. Həm də, məncə, bir həftə, on gün insanların şəhərə çıxması tamamilə qadağan edilməli, paytaxt xüsusi vertolyotlarla dezinfeksiya olunmalıdır. Bu, yoluxmanın qarşısını ala biləcək effektiv addımdır". 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu