Kommunal xərclər sıfırlana bilərmi ? – Ekspertdən izah 

“Söhbət, yalnız əhalinin müəyyən kateqoriyası üzrə müvafiq güzəştlərdən gedə bilər. Bu da limitin artırılmasından və sairdən ibarətdir”


Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev ölkədəki mövcud durumla bağlı kommunal xərclərin sıfırlanmasına ehtiyac olduğunu deyib. R. Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq. 

Millət vəkilinin təklifini iqtisadi cəhətdən dəyərləndirən  ekspert Pərviz Heydərov isə “Sherg.az”a  bildirib ki,  hazırda dünyanın istər inkişaf etmiş, istərsə də etməkdə olan ölkələri tərəfindən COVİD-19 fonunda iqtisadiyyatların stimullaşdırılması tədbirləri həyata keçirilməkdədir: 

 “Müvafiq dəstək üçün milyardlarla vəsait ayrılır. Bizdə də iqtisadiyyata maliyyə dəstəyi göstərmək tələb olunur. Dövlət başçımızın bu mənada, koronavirus pandemiyasının, bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı sərəncam çox əhəmiyyətlidir. Sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Lakin əsas, bu deyil”.


İqtisadçı hesab edir ki, böhranın zərbə vurduğu sahələr üzrə birincisi, işçilərin aylıq əmək haqqlarının ödənilməsinin qayğısına qalınmalı, ikincisi, sahibkarların aylıq kredit və ipoteka ödənişləri üzrə 3 aylıq moratorium qoyulmalı və başqa növ güzəştlər edilməlidir:

 “ Turizm, mehmanxana, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və sair sahələrində fəailiyyət göstərən sahibkarlar üçün II rüb ərzində müvafiq vergi tətili elan olunmalıdır. Həmçinin  idxal və ixrac əməliyyatları ilə məşğul olan işgüzar fəaliyyətlə məşğul hüquqi və fiziki şəxslərə gömrük rüsumları sahəsində ciddi güzəştlər edilməli, beşincisi isə, xırda və orta kənd təsərrüfatı məhsulları istehsalçılarına qarşıdakı 3 ay əzində hər ay üzrə subsidiya verilməlidir”.

 Konkret olaraq kommunal xidmətlər üzrə ödənişlərə gəldikdə isə ekspert düşünür ki, hər şeyə ölçülü yanaşmaq lazımdır:

"Söhbət, yalnız əhalinin müəyyən kateqoriyası üzrə müvafiq güzəştlərdən gedə bilər. Bu da limitin artırılmasından və sairdən ibarətdir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu