Azərbaycanda internet pulsuz ola bilərmi ? - Açıqlama 

Zaur Babayev: Rusiyadakı təşəbbüsün Azərbaycanda reallaşması mümkün deyil. Bizdə internetə ancaq biznes sektoru kimi yanaşırlar”

“İnternetin vəziyyəti isə daha pisdir. Odur ki, yüklənmə həddindən çox olsa, internet tamamilə çökə bilər”



Rusiyada hər evdə pulsuz internet istifadəsi ilə əlaqədar işlərə başlanılacaq və aprelin 1-dən etibarən hər evdə internet pulsuz olacaq. Rusiya Prezidenti Vladimir Putinin 15 yanvarda xalqa verdiyi müjdə ilə "Əlçatan İnternet" layihəsi aprelin 1-dən etibarən start götürür. 
Putin  ölkədə koronavirus epidemiyasının yayılması və insanların evlərində qalması səbəbiylə layihənin sürətləndiyini deyib. 

 Koronavirus artıq Azərbaycanda da yayılır. Bu infeksiyanın nə vaxt sovuşması isə heç kimə məlum deyil. 

Ölkəmizdə də internet pulsuz ola bilərmi? 



Sualımızı cavablandıran BDU-nun Jurnalistika fakültəsinin dosenti Zaur Babayev "Sherg.az"a analoji təşəbbüsün mümkün olmadığını deyib:

"Əvvəla, bizdə internetə ancaq biznes sektoru kimi yanaşırlar. Kommunikasiya, maariflənmə və sair isə sonrakı məsələlərdir. Bununla yanaşı, internet dövlətin nəzarətində deyil. Odur ki, Rusiya təcrübəsi Azərbaycanda ola bilməz".

Z. Babayev həmçinin, bildirib ki, Azərbaycan mühitində internetin sürətinin zəif olması indiki zamanda ciddi problemlərlə nəticələnə bilər:
"İnternetin pulsuz olması kommunikasiyadan daha çox, iqtisadi məsələdir. Amma onu deyim ki, internetin sürəti çox zəifdir. Koronavirus pandemiyası ilə əlaqədər dərslər onlayn qaydada davam edir. Bəzi rayonlarda işığı da tez- tez kəsirlər. İnternetin vəziyyəti isə daha pisdir. Odur ki, yüklənmə həddindən çox olsa, internet tamamilə çökə bilər. Bəzən səsin belə, çətin yükləndiyini nəzərə alsaq, deməli, distant təhsil internetin çökməsinə səbəb ola bilər".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu