Ölkədə çağırışın ildə dörd dəfə olması heç də təsadüfi deyil

 Ehtiyatda olan polkovnik deputatın təklifinə münasibət bildirdi


“Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanunun müzakirəsi üzərində düşünməyi vacib hesab edirəm”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən  keçirilən iclasında deyib.

S.Novruzov, həmçinin ildə iki dəfə hərbi çağırışın  tərəfdarı olduğunu bildirib:

“Həm də indi hərbi xidmətə gedənlərin əksəriyyəti könüllüdür. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.

  Deputatın bu təklifi ilə bağlı “Sherg.az”a fikrini bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələnin göründüyündən də çətin olduğunu dedi:



“Bu, sadə məsələ deyil. Çağırış qaydasını tənzimləmək üçün mütəxəssislər xüsusi hesablamalar aparırlar. Siyavuş bəy bu sahənin dərinliklərini bilməsə də, məsələyə diqqət göstərməsi təqdirəlayiqdir. Bunun üçün ona təşəkkür edirəm. Səlahiyyətli şəxslər bu təklifin müsbət nəticəyə səbəb olacağını düşünsələr mütləq dəyərləndirəcəklər”. 
 
Ş. Ramaldanovun sözlərinə görə, ölkədə çağırışın ildə dörd dəfə olması heç də təsadüfi deyil:

“Əlbəttə, qərarın qəbul olunmasında müəyyən səbəblər var. Bizim deyə bilmədiyimiz məqamlar az deyil. Amma onu nəzərə çatdırım ki, ildə dörd dəfə çağırışın olması ordunun 75 faiz  döyüş qabiliyyətliyindən xəbər verir. Siyavuş müəllimin təklifi qəbul edilsə, bu göstərici 50 faiz olacaq. Əgər orduda müddətdən artıq xidmət edənlərin sayı çoxalsa, bəlkə, çağırış sayını iki dəfəyə endirmək mümkündür. Çünki təklifdə müəyyən həqiqət var. Sadəcə, bu, kompleks yanaşma tələb edir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu