Jurnalistlərdən dövlətin "#evdə qal" çağırışına BÖYÜK DƏSTƏK...


Fəridə Ağazadə: “Politoloq, iqtisadçı, həkim, psixoloqlardan açıqlamalar alır və insanları yanlış məlumatlardan qorumağa çalışırıq”




"Dövlətimiz koronavirusla mübarizə çərçivəsində kifayət qədər lazımlı tədbirlər həyata keçirir".

Bunu "Sherg.az"a açıqlamasında jurnalist Fəridə Ağazadə deyib.

Media nümayəndəsi bildirib ki, məsələnin aktuallığını nəzərə alaraq gündəlik iş planlarını məhz koronavirusla bağlı xəbərlərin cəmiyyətə doğru, dəqiq, operativ çatdırılması istiqamətində qururlar: 

"Sosial mediada kifayət qədər dezinformasiyalara rast gəlirik. Məhz həmin əsası olmayan informasiyalar bu gün psixoloji gərginliyin yüksək həddə olduğu bir dönəmdə cəmiyyətimizə çox mənfi təsir göstərir. Həmçinin, bir çox xəbər saytları həmin informasiyaları xəbər başlığı belə etməkdən çəkinmirlər. İP toplamaq üçün şok başlıqlarla təqdim edirlər. Eyni zamanda xarici ölkədə baş verən hər hansı hadisəni başlıqda xaricdə olduğunu qeyd etmədən oxucuya “sırıyırlar”. Bu da çaşqınlığa, panikaya səbəb olur".

Jurnalist bəyan edib ki, cəmiyyətimiz həssas bir dönəmdən keçir: 

"Mediada çalışan hər bir jurnalist ölkənin çətin zamanında informasiyanın dəqiqliyinə, əhatəliliyinə, insanlarda psixoloji gərginliyin azaldılmasına  mütləq şəkildə diqqət etməlidir. Onu da qeyd etmək istəyirəm ki, xəbərlərin rəsmi olub-olmamağı dəqiqləşdirilməlidir. Bəzən ekspert rəylərinin rəsmi xəbər başlığı ilə verilməsi əlbəttə ki, jurnalist peşəkarlığına xələl gətirir. Ekspertlər sadəcə onlara ünvanlanan suallara, mövzuya münasibət bildirirlər. Məhz bu da rəsmi xəbər kimi yazıla bilməz. Sadalanan problemlərin qarşısını almaq üçün biz politoloq, iqtisadçı, həkim, psixoloqlardan mütəmadi olaraq açıqlamalar alır və insanları yanlış məlumatlardan qorumağa çalışırıq.  
Çox yaxşı haldır ki, jurnalist həmkarlarımız da dövlətin "#evdəqal" çağırışına dəstək olaraq mətbuatda və sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirlər. İnsanların evdə qaldığı müdətdə  boş vaxtlarını daha çox  internetdə, informasiya portallarında keçirdiyini nəzərə alaraq onlara faydalana biləcəkləri məlumatları çatdırmaq media işçilərinin borcudur. Biz də bu borcu vicdanla yerinə yetirməyə çalışırıq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu