Sərt reaksiya:“Ermənistan yeni saxta tarix yaratmaq istəyir” 


“İşğalçı ölkə Azərbaycan torpaqlarında “seçki” keçirməklə  beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat verib.
İcmadan verilən məlumata görə, bəyanatda bildirilir: "Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu” təşkil edilib. Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir.


Dünyanın hazırda koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda, insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və “seçkilər” adlı şou keçirir. Bu bir daha Ermənistan və qondarma qurumun söykəndiyi “dəyərlərin” və əsarətində saxladığı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə olan münasibətinin göstəricisidir, həmin insanların həyatı və taleyinin rejim üçün nə qədər önəmsiz olduğunu təsdiq edir".
 
 “Seçkilər” şousu haqqında “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə qondarma hökumətin bu addımını pisləyib: 

“Bütün bunlar düşmən tərəfinin öz işğalçı rejiminə don geyindirməsi üçündür. Ancaq Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Biz Ermənistanın saxta tarix yaratmasına imkan verməmək üçün öz haqq səsimizi dünyaya çatdırmalıyıq. Dünən həm də soyqırımı günü idi. Elə etməliyik ki, bütün dünya dövlətləri bu faciəni tanısınlar. Çünki müharibə təkcə səngərdə getmir. Siyasət də müharibədir. Biz informasiya müharibəsində də düşmənə qalib gəlməliyik”.                                                                        

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu