UNEC-in professoru: "Pandemiya vəziyyətində dövlət dəstəyi paketi kifayət qədər əhəmiyyətlidir" - AKTUAL

"Burada  əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun"




Pandemiyanın ölkə iqtisadiyyatına və sahibkarlığa təsirlərinin müəyyən edilməsi və onlara  dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib.

Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

UNEC-in professoru, iqtisadçı-ekspert Zahid Məmmədovun fikrincə dəstək paketində olan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb:

“Hazırda hökumətin qarşısında qoyulan əsas məqsəd şirkətlərin maliyyə vəziyyətinin sağlamlaşdırılmasının və dayanıqlığının təmin edilməsi, eləcə də məşğulluğun stabilliyini və iqtisadi inkişafı təmin etməkdir. Pandemiya vəziyyətində sahibkarlara işçilərini işdən azad etməməsi çağırışı edilib. Dəstək paketinin birinci proqramı 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Dövlət tərəfindən əsasən sənaye, ticarət sahələrində çalışan muzdlu işçilərin əmək haqqı ödəniləcək.
İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Hər bir sahibkar üçün əmək haqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc tələb edən istiqamətdir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu olduqca əhəmiyyətli bir dəstəkdir. Bu proqramlar 600 minə yaxın insanı əhatə edir”.

Professorun sözlərinə görə, karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcəklər.

“Kölgə iqtisadiyyatı”nı qurmuş sahibkarlar karantin rejimində yaşadıqları sıxıntıları ifadə edirlər. O sahibkarlar bu günə kimi işçilərinin sayı ilə bağlı dəqiq məlumat vermirdi.  Şəffaf fəaliyyət göstərməyən sahibkarlar həm özünü, həm də işçilərini ağır vəziyyətdə qoydu. Sənəddə də öz əksini tapdığı kimi şəffaf fəaliyyət göstərən sahibkarlar bütün istiqamətlərdə dövlət dəstəyindən faydalanacaqlar. Bəli, üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun. Onlar müvafiq müddətə əmlak və torpaq vergisindən, vergi ödəyiciləri isə gəlir vergisindən azad olunacaqlar. Bəzi vergi ödəyicilərinin müvafiq müddətə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulub”.
 
Pandemiya vəziyyətində dövlət dəstəyi paketinin  yeni çağırışlar baxımından kifayət qədər əhəmiyyətli olduğunu vurğulayan Z. Məmmədov deyib ki,  təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Həmçinin, tikinti sektorunda şəffaf fəaliyyət göstərən sahibkarların fəaliyyəti dəstəklənəcək. Belə ki, proqramlardan biri ipoteka kreditlərinə dəstəklə bağlıdır. 
Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Çünki bu sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunmasıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu