“İpoteka kreditlərinə ehtiyac böyükdür” - İqtisadçı


 Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə yaradılan İşçi Qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-tə müsahibə verib. O, pandemiyanın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün dövlət dəstəyi ilə 10 proqramın hazırlandığını bildirib.
 
 Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. İşçi qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə Prezidentinin Sərəncamında verilən tapşırıqlarda yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, «multiplikativ» effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti uğurla həyata keçirilir. Bu baxımdan, sahənin canlanması ölkə üçün çox vacibdir.

İqtisadçı, ADİU-nin dosenti Namiq Sadıqov “Sherg.az”a açıqlamasında proqramın əhəmiyyətindən danışıb:



“Mənzilə tələbat həmişə olub, bundan sonra da olacaq. Xüsusilə gənc ailələr yeni mənzillər almaq istəyirlər. Bunun üçün ölkəmizdə yaradılan şərait arzuolunandır. Həm mənzil almaq üçün qaydalar əlverişlidir, həm də əksər xammalı özümüz istehsal edirik. İndi ipoteka kreditlərinə ehtiyac böyükdür. Odur ki, İşçi qrupun hazırladığı dördüncü proqramın məqsədəuyğun olduğunu düşünürəm. Əslində hazırkı vəziyyətdə kreditlərin bir neçə aylıq dondurulması vətəndaşlara böyük rahatlıq verər”. 


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu