“Hazırlanan proqramlar qiymət artımının qarşısını alacaq” - İqtisadçı

"Düşünürəm ki, hökumətimiz ehtimal olunan iqtisadi təsirdən minimum ziyanla çıxmağı bacaracaq”

  Dünya ölkələrində, o cümlədən də Azərbaycanda yayılmaqda olan koronavirus pandemiyası bir çox sahələrə, eləcə də iqtisadiyyata təsir edir. Bu təsiri minimuma endirmək məqsədilə xüsusi İşçi Qrup yaradılıb.

İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə verdiyi müsahibədə iqtisadi təsirləri minimuma endirmək məqsədilə 10 proqramdan ibarət paketin hazırlandığını bildirib. Hazırlanan proqramlarda kiçik və orta sahibkarların biznes fəaliyyətinin qorunması, sahibkarlara dövlət dəstəyinin göstərilməsi, ipoteka kreditlərinin dəstəklənməsi kimi amillər nəzərə alınıb.

Bu proqramlarla bağlı “Sherg.az”a danışan BDU-nun “SABAH” qruplarının dekan müavini, iqtisadçı Gündüz Camalzadə görülən tədbirlərin, o cümlədən hazırlanan proqramların iqtisadi təsiri minimuma endirmək baxımından mühüm əhəmiyyət kəsb edəcəyini dedi:

“ÜST koronavirusun pandemiya olduğunu elan etdikdən sonra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da izolyasiya tədbirləri həyata keçirildi, profilaktik addımlar atıldı. Yanvarın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, İşçi  Qrupun təşkil edilməsi hökumətin bu məsələyə həssas yanaşdığını göstərir. Əlbəttə, dünya dövlətləri kimi, Azərbaycan iqtisadiyyatı da təhlükə altındadır. Amma düşünürəm ki, hökumətimiz ehtimal olunan iqtisadi təsirdən minimum ziyanla çıxmağı bacaracaq”.

 G. Camalzadənin sözlərinə görə, ərzaq məhsullarının qiymətinin bahalaşması da istisna edilmir.

“Gömrük əlaqələri müvəqqəti məhdudlaşdırıldığına görə ambarlarda ərzaqlar azalır. Yaranan tələbat ərzaq məhsullarının qiymətinin bahalaşması ilə nəticələnəcək. Həmçinin neftin qiymətinin üç dəfə aşağı düşməsi vəziyyəti daha da çətinləşdirəcək. Gəlirlərin azalması, sahibkarların öhdəliklərinin çoxalması müəyyən mənada iqtisadi durğunluq yaradacaq. Bununla belə, hazırlanan proqramlar qiymət artımının qarşısını alacaq. Gömrük rüsumlarının, ƏDV-lərin, faizlərin minimuma endirilməsi, kreditləşmələrdəki güzəştlər, “Kölgə iqtisadiyyatı”nın şəffaflıqla əvəz olunması, dövlət büdcəsindən 1 milyard manat vəsaitin koronavirusla müdafiə fonduna köçürülməsi, ianələrin verilməsi və s. kimi  stimullaşdırıcı tədbirlər özəl sektorda çalışanlara kömək olacaq”.

 İqtisadçı düşünür ki, indiki çətin vəziyyətdə vətəndaşlar da milli həmrəylik göstərməlidirlər:

“Dediyim kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədər olaraq manat dollar qarşısında zəifləyir. Ona görə də vətəndaşlar diqqətli olmalı, xarici valyutadan istifadə etməməyə çalışmalıdırlar”.
                                           

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu