Professor xəstəliyin ev şəraitində də tam müalicə oluna biləcəyini yazdı


 Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla əhaliyə koronavirusdan qorxmamağı tövsiyə edib. Feysbuk səhifəsində pandemiya ilə bağlı paylaşım edən professor xəstəliyin ev şəraitində də tam müalicə oluna biləcəyini, yoluxmanın yüngül forması təsbit edilənlərin karantin xəstəxanalarına alınmasının zəruri olmadığını yazıb: 

- Qeyd etməliyəm ki, COVİD 19-un spesifik, patoqnomonik simptomu yoxdur! Bu bir atipik respirator virus infeksiyasıdır. Özünüzdə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin! Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin!

Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri COVİD-19-dan daha ağır gedişə malik olur. Aşağıdakı qaydalara riayət edin:

1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın! Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın!
2. Bol maye (ilıq şəkildə su) için! Su, bir tərəfdən, burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur, digər tərəfdən, intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.
3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır! Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, Parasetamol həblərindən (500 mg gündə 2 dəfə) istifadə edin. Sink (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.
4. Yağda qızardılmış yeməkləri azaldın, nativ kərə yağı daha məsləhətdir.
5. Meyvə-tərəvəzə üstünlük verin.
Xəstəliyiniz rejimə ciddi əməl etsəniz tədricən keçəcək. Əgər, davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın.

A.Qeybulla korona virusla mübarizədə Fransa və Almaniya təcrübəsindən yararlanmağı məsləhət görüb: 

- Xəstəxanaya ilk növbədə intensiv müalicəyə ehtiyacı olanlar gətirilməlidir! Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər! Onlara xüsusi ayrılmış həkimlər (məs., maaşları artırılmaqla poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidə davam etdirilər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürülər. Biz niyə Fransa, Almaniya təcrübəsindən yararlanmamalıyıq?!

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu