"Sosial paketin tətbiqi və maddi yardım verilməsi ümumi vəziyyəti yaxşılaşdıracaq” - TƏHLİL

“İndiki ağır situasiyada dövlətin əhalini qorumaq üçün atdığı bütün addımlar təqdirəlayiqdir. O cümlədən, sosial paketin tətbiqi və maddi yardım verilməsi ümumi vəziyyəti yaxşılaşdıracaq”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.



Onun sözlərinə görə, əlavə nəyəsə ehtiyac yaranarsa, dövlət o barədə tədbirlər görəcək:

“Xoşbəxtlikdən, bizim bunun üçün lazımi maliyyə imkanlarımız var. 52 milyardlıq strateji rezervlərimiz məhz bu günlər üçündür. İndi həmin ehtiyatlardan bir neçə milyardını ölkəyə gətirmək olar. Üstəlik, bu valyutanın ölkəyə girişi manata təzyiqləri də azaldar, valyuta tələbini ödəyər, devalvasiya təhlükəsini önləyə bilər. Neftin qiymətinin su qiymətindən də aşağı düşməsi nəticəsində, əlbəttə, dövlət büdcəsində də defisit yarana bilər. Ona görə də əsas yükü dövlət büdcəsinin yox, daha çox Neft Fondunun və digər fondların üzərinə keçirmək olar. Dövlətimiz mümkün olan hər şeyi edir və edəcək. Vətəndaşlar da anlayışlı olmalı, süni problemlər yaratmamalı, qoyulmuş qaydalara riayət etməli, ölkəmizdə vəziyyətin gərginləşməməsi üçün ehtiyatlı və səbrli olmalıdırlar. Başa düşməliyik ki, aclıq və qıtlıq baş verməyib, xəstəlik var və onun qarşısını almaq üçün mübarizə aparılır. Mağzalarda əlinə keçən hər şeyi alıb evə yığmaq insani hərəkət deyil. İndi ilin mövsümi cəhətdən ən pis vaxtıdır. Yenə də hər yer ərzaqla doludur. Ərzaq qıtlığı olmayacaq, artıq yaxında kənd təsərrüfatı məhsulları bazarlara çıxacaq, bolluq və ucuzluq yaranacaq”. 

İqtisadçı bildirib ki, dəstək proqramında ilk növbədə aztəminatlı əhali, əlillər, xəstələr, işsizlər, kirayədə yaşayanlar nəzərə alınmalıdır:

“İri şirkətlərin, bankların və öz maliyyət ehtiyatları olan digər bu kimi böyük şirkət və firmaların, müəssisələrin işçilərinə heç olmasa 1 aylıq əməkhaqqını ödəməsi üçün bütün imkanları var. Dövlət işçiləri də əmək haqlarını alacaqlar. Yerdə qalan kateqoriyalara yardım edilməlidir. Ümumiyyətlə, buna oxşar bütün situasiyalarda dövlətin ilk işi əhalinin aztəminatlı hissəsini qorumaq olur. Ona görə də, yəqin ki, ucdantutma hamıya pul paylanmayacaq. Maddi imkanı yüksək olan hissə 1 ay, 2 ay özünü dolandıra bilər. Sırf belə imkanı olmayanlara yardım edilməlidir”. 

E.Bayramlı həmçinin bildirib ki, süni bahalaşmanın qarşısı alınmalıdır:

“Bazarlar alverçi mafiyasından təmizlənməlidir. Yerli məhsulların ölkədaxili azad daşınması və satılmasına imkan yaradılmalıdır. Apteklərdə xüsusilə ciddi nəzarət qoyulmalıdır. Kredit və kommunal ödənişlər təxirə salınmalıdır. Yüngül pozuntulara görə, cərimələrin tətbiqi dayandırılmalıdır. Hesab edirəm ki, dövlətimizin maliyyə imkanları uzun müddətli böhrana da dayanıqlıdır. Lakin bizim 1, maksimum 2 ay çətinliyimiz ola bilər. Bir qədər səbrli olmalı, təmkinli və ehtiyatlı davranmalıyıq. Tezliklə, bu qlobal problemin qarşısı alınacaq, həm bütün dünyada həm də ölkəmizdə”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu