Ordumuz güclənir: “Arsenalda yeni 5-ci nəsil silahlar...”


“Əgər Azərbaycan növbəti dəfə əks-hücuma keçərsə, işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək"



"2016-cı ilin "aprel döyüşləri"ndən dörd il ötdü".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 
Siyasi şərhçi bəyan edib ki, dörd günlük müharibədə Azərbaycan əks hücuma keçərək strateji nöqtələri   nəzarətə götürdü: 

"Böyük bir ərazidə işğalçı ordunun hərəkət trayektoreyasına nəzarəti ələ aldı. Həmçinin, Ermənistan ordusu barədə mifləri yox etdi. Bu döyüşlərdən sonra erməni ordusu qarşısında güclü və döyüş qabiliyyətinə malik ordu ilə üz-üzə qaldığının fərqində oldu. Aprel döyüşü Ermənistanın siyasi-hərbi sisteminin laxlatdı və "Qarabağ klanı" siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Aprel döyüşləri Ermənistan ordusu arasında koordinasiyanın, maddi-texniki bazanın çox acınacaqlı olduğunu üzə çıxardı. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi qələbə edərək, erməni ictimaiyyətində qalib obrazı kimi xarakterizə olundu".



Analitikin sözlərinə görə, Ermənistan siyasiləri və ictimaiyyəti çox yaxşı başa düşdü ki, Rusiya faktoru olmasaydı, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda və Laçında dalğalanacaqdı: 

"Azərbaycan ordusu qarşısına qoyulan tələbi uğurla yerinə yetirdi və planda olan ərazilərdə nəzarət təmin edildi. Həmin ilin yayında Sankt-Peterburqda əldə olunan razılaşma ilə Serj Sarskiyan masadakı plan üzrə hərəkət edəcəyini vurğuladı. Amma danışıqlarda vaxt itkisi əleyhimizə işlədi. Həmin vaxt ABŞ və Avropa Azərbaycanın ərazilərini işğaldan azad etməsində maraqlı idi. Çünki, bununla Rusiyanın regionda mövqeləri zəifləyəcək və Qərbin maraqları güclənəcəkdi. Əks-hücumda Qərbin neytral qalacağı da şübhəsiz idi".

M.Əsədullazadə vurğulayıb ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu heç də səhvlərini 180 dərəcə düzəltməyib: 

"Düşmən ordusunun döyüş qabiliyyəti və maddi-texniki bazası zəif olaraq qalır. Sadəcə cəbhə xəttində mühəndis istehkam işləri görərək müdafiə səddini qura bilib. Azərbaycan ordusu dörd il ərzində daha da güclənib, arsenalına yeni 5-ci nəsil silahlarla təchiz edib. Demək olar ki, dünyanın reytinq cədvəlində güclü ordu kimi sıralanmaya daxil olmuşuq. Ermənistan ordusu isə, yenə də Rusiyanın işlənmiş silahları ilə öz mövcudiyyətini qorumağa çalışır. Əgər Azərbaycan növbəti dəfə əks-hücuma keçərsə, işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu