Dəstək proqramının mahiyyəti: “İqtisadiyyatımızın bütün arxitekturası dəyişəcək”

Rüfət Quliyev: “İqtisadiyyatımız xarici amillərə qarşı çox dayanıqlı və daha az həssas olacaq”


Karantin rejimi ilə əlaqədar olaraq dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Dövlət dəstəyi proqramından 290 mindən çox kiçik və fərdi sahibkar faydalanacaq.
Eyni zamanda  300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmçinin bizneslərə vergi güzəştləri və imtiyazlar veriləcəyi nəzərdə tutulur. Ümumilikdə müxtəlif sahələri əks etdirən proqramda müxtəlif məsələlər öz əksini tapıb. Maliyyə həcmi 2.5 milyard manat olan proqramın hazırlanmasında əsas məqsəd əhalinin müxtəlif təbəqələrinə dəstəyin göstərilməsidir.

İqtisad elmləri doktoru, professor,millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarında Azərbaycan iqtisadiyyatının yeni cizgilərini görmək mümkündür.

Deputat vurğulayıb ki, dövlətin həyata keçirdiyi  operativ və çevik tədbirlər nəticəsində koronavirus pandemiyası Azərbaycana güclü təsir edə bilməyib:

“Bütün dünya təşviş içərisindədir. Vətəndaşlarımıza müraciət edərdim ki, ajiotaja, panikaya ehtiyac yoxdur, qeyri-reallığa söykənən məlumatlara inanmasınlar. Sadəcə karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etsinlər”.

Professor hesab edir ki, dövlət dəstəyinin göstərilməsi üçün hazırlanan proqramlarla Azərbaycan iqtisadiyyatının bütün arxitekturası dəyişəcək:

“İqtisadiyyatımız xarici amillərə qarşı çox dayanıqlı və daha az həssas olacaq. Əsas prioritet kölgə biznesindən yayınmaqla, kiçik və orta sahibkarlığa dəstəklə milli iqtisadiyyatın inkişafı, möhkəmlənməsi və genişləndirilməsi olacaq. Onların maliyyə instrumentlərinin inkişafı, biznesə yardım kimi komponentlər proqramlarda öz əksini tapıb. Yeri gəlmişkən, hazırda kompensasiya məsələsi müzakirə olunduqca əmək müqavilələri barədə ciddi sual ortaya çıxır. Son illərdə dövlət boş yerə işəgötürən və işləyən arasında əmək müqaviləsi imzalanması məsələsinə diqqət ayırmır”.

R.Quliyev müqavilə ilə işləyənlərin vəziyyətinin müqaviləsiz işləyənlərdən daha yaxşı olacağını qeyd edib:

“Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “şəffaf" iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır”.

Millət vəkili Azərbaycanın yalnız bu gün və sabahı düşünmədiyini, koronavirus pandemiyası ilə əlaqədar böhrandan sonrakı dövrdəki inkişaf barədə addımlar atdığını diqqətə çatdırıb:

“Bu böhran da bitəcək, sivilizasiya yenidən inkişafa başlayacaq. Postsovet məkanında Azərbaycandan başqa iqtisadiyyatının gələcək strukturu və iqtisadi artımının təmin olunması üçün planlar cızan, yollar göstərən ikinci bir ölkə yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu