Dövlət dəstəyi paketi: “Daha çox sahibkarlara yönəlmiş proqramlardır”


Koronavirus pandemiyası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi tərəfindən dövlət dəstəyi proqramı hazırlanıb. İqtisadi sektorlar və sahibkarlar üçün nəzərdə tutulan proqramda müxtəlif məsələlər öz əksini tapıb.
Proqrama əsasən 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmçinin bizneslərə vergi güzəştləri və imtiyazlar veriləcəyi nəzərdə tutulur. 

İqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət dəstəyi proqramı daha çox sahibkarlara yönəlmiş dəstək proqramıdır. Onun sözlərinə görə, proqram sahibkarların və biznes sahiblərinin karantin rejimindən maksimum az ziyanla çıxmasına şərait yaradacaq:

“Əhalinin maddi vəziyyətinin dəstəklənməsi və yaxud elektrik enerejisində istehlakın artırılması, tələbələrin təhsil haqqının ödənilməsi kimi məsələlər var. Ona görə də bəzən narahatlıq yaranır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlavə paket açıqlamayacaq. Belə olduğu təqdirdə təkliflər çoxvektorlu deyil və proqram daha çox biznesə yönəlmiş təkliflərdir”. 

İqtisadçı qeyd edib ki, dövlət dəstəyi proqramı biznesin və iqtisadiyyatın şəffaf və qanuni olan hissəsini əhatə edir:

“Məsələn, paketdə 300-400 min muzdlunun əmək haqqı konpensasiyası məsələsi var. 300-400 min muzdlu ölkədə 5 milyon məşğul insanın təxminən 6 faizini əhatə edir. Yerdə qalan 94 faizin aqibətinin necə olacağı məlum deyil. Eyni zamanda özəl sektorda durum belədir ki, 1000 manat əmək haqqı alan şəxslərin əmək müqaviləsində bu məbləğ 250 manat göstərilir. Çünki vergidən yayınmaq üçün minimum əmək haqqı qeyd olunur. Qanunsuz və gizli fəaliyyət göstərirlər, bir çox sahibkarlar və vətəndaşların böyük əksəriyyəti gizli məşğulluğun predmetidirlər”. 

R.Həsənov bildirib ki, proqramda mikro sahibkarlıq subyektinə vergi güzəştinin verilməsi məqamı aydınlaşdırılmayıb:

“Çünki mikrosahibkarlıq subyektinin böyük əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Hazırda bu güzəştlərin necə olacağı bilinmir. Amma mikro sahibkarlar üçün də hansısa güzəştin verilməsi nəzərdə tutulub. 
Torpaq və əmlak vergisindən azad olmalar da yaxşı haldır. Yəqin ki, yaxın günlərdə proqramın bütün detalları haqqında tam məlumatlı olacağıq. Böyük ehtimalla dövlət dəstəyi proqramı 2020-ci ili əhatə edəcək. 
Proqramda ərzaq təhlükəsizliyi və dərman vasitələrinin ölkəyə idxalı ilə bağlı məqamlar da var. Bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, xüsusilə idxal istiqamətində əlavə dəyər vergisindən azad olunma qiymətlərin artımını müəyyən qədər önləyə bilər. Çünki sahibkarın xərcləri azalırsa, bu, hansısa formada istehlakın da zəifləməsi qarşılığında qiymət artımına təsir edən amilləri neytrallaşdıra bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu