Əməkdar artist: “Millət olaraq lazımi anda səfərbər ola bilirik”


Bəhram Bağırzadə: “Səbirli, təmkinli, nizam- intizamlı olub Allaha təvəkkül edək”



Hazırda koronavirus pandemiyasından Azərbaycan da daxil olmaqla  170 ölkə əziyyət cəkir. Virusun qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Ölkəmizdə də vəziyyət getdikcə ağırlaşır.  Ölənlərin və yoluxanların sayı gündən-günə artmaqdadır. Dövlət tərəfindən koronavirus xəstəliyinə qarşı ciddi şəkildə ölçülər götürülür.

Qanunlar qəbul edilib, qaydalar müəyyənləşir və insanlara evdə qalmaq tövsiyə olunur. Vətəndaşların  üzərinə  düşən vəzifə isə həmin qaydalara riayət etməkdir. Amma bəzən biz bu halın əksini müşahidə edirik. Məhz ona görə də ölkə ziyalıları xalqa səslənərək onları evdə qalmağa çağırır.

Biz də "Sherg.az" olaraq “Evdəqal” kampaniyasına dəstək olmaq məqsədilə tanınmış aktyor, naşir, əməkdar artist Bəhram Bağırzadə ilə əlaqə saxladıq. O “Sherg.az”a söylədi ki,  həyatda ən xoşuna gəlməyən şey kiməsə məsləhət verməkdir:

“Bu mürəkkəb günlərdə də heç kimə məsləhətim ola bilməz. Sadəcə öz həyatımdan danışa bilərəm.  Koronavirus təhlükəsi ilə bağlı karantin  başlayanda  özümə idman ləvazimatları aldım. Ev şəraitində hər gün  1 saat idmanla məşğul oluram. Çünki birinci növbədə  insan sağlamlığını qorumalıdır. İllər ərzində Bakıda gözəl kitab mağazaları açılıb. Ordan xeyli sayda kitab almışdım. Amma oxumağa vaxtım yox idi. Şükürlər olsun ki, iki həftə ərzində 20 faizini oxumuşam. İbadətdə zəifləmişdim. İndi quranı, ayyətləri , Məhəmməd Peyğəmbər s.a.s hədislərini oxuyuram. Uşaqlara nənələri, babaları nəslimiz haqqında danışıram. Tərbiyə edirəm. Elmlə,təhsillə məşğul olurlar. İngilis dili öyrənirlər. Bununla yanaşı, rəsmlər də çəkirlər."

Koronavirusla Mübarizəyə Dəstək Fonduna diqqət çəkən aktyor xalqımızın birliyindən də söhbət açıb: 
 "Bir daha dünyaya göstərdik ki, millət olaraq lazım olduğu təqdirdə səfərbər ola bilirik. Allah millətimizi qorusun!"

Əməkdar artist  yazarlıq fəaliyyətindən də söz açaraq evdə uşaqlar üçün Nəsibə Zeynalova, Qara Qarayev, Vaqif Mustafazadə kimi sənətkarların həyatından bəhs edən müxtəlif mövzulu kitablar yazdığını söylədi. 
Sonda  Xalqımıza dəstək mesajı göndərən B.Bağırzadə  səbrli, təmkinli, nizam intizamlı olaraq Allaha təvəkkül etməyi məsləhət gördü.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu