“Tədbirlər bizim üçündür, çətindir, amma riayət etməliyik! 

“Dəstəyimizi  də yalnız evdə qalmaqla göstərə bilərik. Bir adama xeyir verə bilmiriksə, ziyan da vurmayaq” 

“Valideynlərimə baş çəkməyə gedirəm. Bu günə qədər belə edirdim. Artıq  zənglə əlaqə saxlayacam. Əsas səbrimi basıb, evdə otururam" 


Azərbaycan xalqı 25 gündür ki, karantin rejimində yaşayır. Artıq vətəndaşlar işlərini evdən davam etdirir. Ötən günlərdə isə zəruri hallar istisna olmaqla küçəyə   çıxmağa məhdudiyyətlər qoyuldu.  Beləliklə, əhali vaxtını evdə keçirməyə davam edir. Amma bəzən bu haldan usanıb evdən çıxanlara da rast gəlinir. Amma unutmamalıyıq ki qaydalara əməl edərək  yalnız öz həyatımızı deyil, onlarla insanı da təhlükədən qoruyuruq. Digər qövmlərdə olduğu kimi, sənət cameəsidə canlı yayımlar edərək izləyicilərinə örnək olmağa çalışırlar. Bu kövrək məqamda onların çağırışları, müraciətləri böyük əhəmiyyət kəsb edir.  Bəlkə də, xalq qanunlara əməl etməyin vacibliyini sevdikləri sənətkarlardan eşidəndə   məsələyə daha ciddi yanaşar. Evdən çıxmayaraq sağlamlıqlarını qorumaq üçün mübarizə apararlar. Əlbəttə, pis günlər daimi deyil. Şair Şəhriyarın da dediyi kimi:

 "Yaman günlər keçib-gedib itəndi.
 Bir yaxşılıq muradına yetəndi" 

Bu səbəbdəndir ki,  istər biz media mənsubları, istərsə də incəsənət xadimləri , ziyalılar  xalqdan səbrli və təmkinli olmağı xahiş edir. 

Tanınmış aktyor, əməkdar artist Rafael İsgəndərov da bu barədə “Şərq”ə danışdı, çağırış və tövsiyələrini xalqın diqqətinə çatdırdı.

Söhbəti təqdim edirik. 


- Hazırkı kritik vəziyyəti necə keçirdirsiniz?

- “Evdə  qal!” kampaniyasına qoşulmuşam. Qanunlara əməl etmək borcumuzdur. Bəlkə də, məni şəhərdə  görənlər olub. Lazım olanda  müəyyən işlər üçün çıxıram. 

- Yəqin ki, zəruri hallarda..

-Bəli,  valideynlərimə baş çəkməyə gedirəm. Bu günə qədər belə edirdim. Artıq  zənglə əlaqə saxlayacam. Əsas evdə otururam. Səbrimi basıram.

- Vaxt necə keçir?

-. İdman edirəm, kitab oxuyuram. Çox darıxdırıcıdır. Amma nə etmək olar? Gedib xəstə kimi yatmaq daha pisdir, nəinki sağlam canla evdə qalmaq. Filmlərə baxıram. Evdə işlər var idi ki məşğul olmağa vaxtım olmurdu, onları həll edirəm. Həm maddi, həm də mənəvi cəhətdən evdə oturmaq  çətindir. Aktiv həyat tərzi keçirən insanam. Daim idmanda oluram. Yenə təkrar edirəm fiziki, maddi, mənəvi  cəhətdən dözülməz ola bilər.  Amma evdən  çıxmaq daha pisdir.  Həkim deyilik. Onlara kömək edə bilmiriksə, mane də olmayaq. Dəstəyimizi  də yalnız evdə qalmaqla göstərə bilərik. Bir adama xeyir verə bilmiriksə, ziyan da vurmayaq. 

- Deməli qanunlara mütəmadi olaraq əməl edirsiniz..

- Çalışıram ki riayət edim.  Amma dükana, bazara getməliyəm. Sonra ata, anamı ziyarət etməliyəm.  Yəni boş -boşuna orda- burda gəzmək  üçün evdən çıxmıram. 

- Koronavirus pandemiyasının qarşısının alınması yolunda qəbul olunan qaydaları necə dəyərləndirirsiniz?

- Burda münasibət bildirmək  çətindir. Tədbirlərin hamısı bizim üçündür. Bəlkə, mən də istəyirəm evdən çıxım. Həm də yaz aylarıdır. Amma səlahiyyətli orqanlar  tərəfindən qərar verilibsə, biz də dövlətimizin əsgərləri olaraq tabeyik. Mənə elə gəlir ki,  istəsək də, istəməsək də əməl etməliyik. Yenə qeyd edirəm çətindir. Amma riayət etməliyik. Müzakirəyə ehtiyac yoxdur. Hamısı insanların təhlükəsizliyi üçündür.

- Bildiyiniz kimi hazırda  günəmuzd işləyərək gəlir qazanan ailələrin vəziyyəti yaxşı deyil. Maddi cəhətdən güclü olan şəxslər tərəfindən köməklik olunsa daha yaxşı olmazmı?

- O səviyyədə bu işlərə qarışa bilmərəm. Amma hamı bir -birinə kömək olsa ,daha yaxşı olar. Kimin imkanı varsa dəstək olsun.

- Bir də evdən çıxa bilməyən yaşlı insanlar var...

-Bəli, məsələn,  dərmana ehtiyacı olanlara  kömək edə bilirlərsə, maddi və mənəvi cəhətdən dəstək olsunlar. Valideynlərimi bağ evində yerləşdirmişəm. Şəhərdən uzaqda. Hər ikisi 80 yaşdan yuxarıdır.  Ona görə həftədə üç dəfə  nəzarət etməyə gedirəm. Atamın sağlamlığında problemləri çoxdur. Dərmanlarını alıb aparıram. Lazım olan tələbatlarını ödəyib,  qayıdıram. Kiminsə qonşusunda qoca insanlar  varsa,  kömək etsin. Məsələn, yeni qərara əsasən  mesaj göndərəndəki mağazaya getmək istəyirəm.   Qonşusunda yaşlı adam varsa, nəyə ehtiyacları olduğunu soruşa bilərlər. Bunların hamısı qanunvericilikdə qabaqcadan nəzərə alınır. Odur ki, çalışaq əməl edək. 

- Sosial şəbəkələrdə canlı yayımlar açmaq  fikriniz varmı?

-  “Instagramda” yoxam. Amma "Bu şəhərdə"nin səhifəsi mövcuddur. Sadəcə üçümüzun bir yerdə olması məsələsi var. Bayıra çıxmaq üçün icazə lazımdır. Görüşə bilsək, edə bilərik. Sevənlərimizlə  ünsiyyət yaradaraq deyib gülərik. Amma çölə çıxmaq imkanımız olacaqmı bilmirəm.

- "Bu şəhərdə" səhnəsi üçün darıxmış olarsız hər halda..

 -Əlbəttə! Konsertimiz olmalı idi. Təxirə salındı. Planımıza görə, may ayının 28-i, 29-u, 30-u  yeni proqramla tamaşaçılarımızın qarşısında olacağıq. Karantin elan olunandan əvvəl üç gün Sumqayıtda konsertimiz oldu. İnşallah qismət olar sevənlərimizlə görüşərik. Yeni konsert proqramları ilə səhnədə olmağa davam edərik.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu