Heyvanlara qarşı vəhşilik: Psixi pozuntunun alovlandığı bir vaxt var

 Son günlər paytaxtda ard-arda itlərə qarşı qəddarlıq hallarına rast gəlirik. Ən dəhşətlisi odur ki, bu heyvanların  gözlərini belə çıxarırlar. Hələ ki, bu əməli törədənlərin kimliyi bilinmir. Əslində nəinki kimliyi, niyə canlılara bu qədər qəddar formada işgəncə verdikləri də məlum deyil.

Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında bunun yeni başlayan bir “tendensiya” olduğunu deyib:


“Uşaqkən bizə heyvanlara toxunmamağı öyrədirdilər. Deyirdilər ki, dilsiz-ağızsız heyvanın ahı tez tutur. İndi isə insanlar heyvanlara işgəncə verirlər. Görünür, bu, mənəvi aşınma ilə əlaqədardır. Canlılara əzab vermək dinə də, əxlaqa da ziddir”.  
 
Sosioloqun fikrincə, mənəvi dəyərlər bu məsələdə mühüm amildir:

“Ümumiyyətlə davranışa təsir edən bir neçə amil var: insanın fərdi xüsusiyyətləri, yaşadığı mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlər. Humanist millətik və bütün meyarlara görə müsbət mənada fərqlənən bir diyarda yaşayırıq. Deməli, bizi mənfi istiqamətə yönəldən aldığımız informasiya ilə üstünlük verdiyimiz dəyərlərdir. Nəzərə almaq lazımdır ki, mənəvi dəyərləri ön planda saxlayan cəmiyyət özü özünü tənzimləyir. Tədricən bizdə mənəvi dəyərlərin unudulması çox pisdir. Buna yol vermək olmaz”. 
 
Psixoloq Sənubər Nəzərova isə düşünür ki, baş verən hadisələri bir neçə müxtəlif səbəblə əlaqələndirmək mümkündür. Əvvəl  məsələyə təsir edən məqamı müəyyənləşdirib, sonra problemi həll etmək lazımdır:



 “İnsanlar canlıya əzab verəndə psixoloji cəhətdən həzz alır, özlərini hamıdan güclü hesab edirlər. Bu, psixoetrik problem və şəxsiyyət pozuntusu ilə bağlı ola bilər. Şəxsiyyət pozuntusu antisosiallıqla əlaqəlidir. Belə insanlar cəmiyyətin qəbul etdiyi qayda-qanunlardan yayınırlar. Çünki  onlar  uşaqlıqda şiddətə məruz qalıb, özlərini gücsüz hiss ediblər. İndi isə zəifləri əzməklə güclü olduqlarını təsdiqləmək istəyirlər. Başqa səbəb kimi sadistliyi göstərmək olar. Erik Frommun müəyyən etdiyi şəxsiyyətin 4 tipindən biri də sadistlərdir. Mazoxistlərdən fərqli olaraq bu insanlar özlərinə yox, başqalarına əzab verməkdən həzz alırlar. Söhbət təkcə heyvana zülm etməkdən getmir. Lakin başqa insanın əks reaksiyasından qorxaraq daha zəiflər-heyvanlar üzərində həzz duyğularını tətmin edirlər. Əlbəttə, bu, o demək deyil ki, həmin insanlar ömürləri boyu heyvanlara işgəncə verirlər. Sadəcə psixi pozuntunun  alovlandığı bir vaxt var. Onu da deyim ki, həddindən çox spirtli içki içmək , psirotrop maddələr qəbul etmək də insanların heyvanlara işgəncə verməsinə səbəb ola bilər. Çünki bu zaman adamlar özlərini idarə etməyi bacarmır, nə etdiklərini bilmirlər”.

 Psixoluqun fikrincə, valideynlər də bu məsələyə həssas yanaşmalıdırlar:

“Ola bilsin, uşaq məsələnin ciddiliyini başa düşməyərək heyvanları incidir. Dovşanın qulağından tutub dartır, qarışqanı tapdalayıb əzir və sair. Belə məqamlarda valideynlər diqqətli olaraq, heyvanların da canlı olduqlarını övladlarına başa salmalıdırlar. Əks halda problem psixi pozuntu ilə nəticələnəcək. Onu da deyim ki, bu psixi pozuntulu şəxslər mütləq müalicə olunmalıdırlar. Həmin insanlar 2-3 həftə yataq müalicəsi almalıdırlar ki, diaqnoz qoyulsun, səbəb müəyyənləşsin".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu