NAŞİR: “Biz işləyirik və onlayn kitab sifarişlərinin sayı çoxalıb”

Şahbaz Xuduoğlu: “Çoxları gileylənirdi ki, kitab oxumağa vaxt yoxdur. İndi istədikləri qədər oxuya bilərlər"

“Bütün dahi yazıçılar fantastik mövzulardan yazıb”

“Virusla bağlı diqqətli olmaq və ondan qorxmamaq lazımdır. Qorxu insanın düşmənidir”




Koronavirus pandemiyası ilə əlaqədar insanların evdən çölə çıxması məhdudlaşdırılıb. Hətta mağazaya getmək üçün də icazə almaq lazımdır. Odur ki, hər birimiz evdə qalıb asudə vaxtımızı səmərəli keçirməyə çalışırıq. Kimi filmlər izləyir, kimi musiqi dinləyir, kimi də kitablara sığınır... Həqiqətən, kitab  olmasa, nə edərik? 

Ədəbiyyatın necə böyük gücə sahib olduğunu indi bir daha anlayırıq. Ədəbiyyat dünyanın çərxini də dəyişə bilər. Biz də “Sherg.az” olaraq indiki halda kitaba olan marağın artdığını nəzərə alıb kitab adamı və ya “Kitab adam”, "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb söhbətləşdik. 

- Koronavirus pandemiyası haqqında nə düşünürsünüz?

- Hər əlli ildən, yüz ildən bir belə hadisələr olur. Təbii qəbul etməkdə fayda var. İnfeksiyanın harda, necə yarandığı haqda düşünməkdənsə mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. Bəlkə də, karantin bizə yeni imkanlar təqdim edər.

- Nə kimi imkanlar?

- Çoxları gileylənirdi ki, kitab oxumağa vaxt yoxdur. İndi istədikləri qədər kitab oxuya bilərlər.

- Axı çölə çıxıb kitab almağa imkan yoxdur...

- Nə olsun? Onlayn formada sifariş vermək olar. Biz belə də işləyirik. Üstəgəl çatdırılma pulsuzdur. Məhz karantin rejimi ilə əlaqədar onlayn kitab sifariş verənlərin sayı çoxalıb.

- Ola bilərmi ki, bundan sonra fantastik janrlara maraq artsın?

- Bəli. Ümumiyyətlə, hər janrın öz dövrü var. Son vaxtlar gənclər detektivə maraq göstərirdilər. Amma yaxın gələcəkdə bu janrın tamam unudulub, yerini başqasına verməsi mümkündür.

- Dünya ədəbiyyatında pandemiyaya bənzər mövzulara həsr edilmiş nümunələr varmı?

- Bütün dahi yazıçılar bu mövzulardan yazıb. Markesin "Vəba günlərində eşq", Joze Saramaqonun "Korluq" əsərlərinin ideyası indiki pandemiya ilə oxşardır. Əvvəlcə bir nəfər xəstələnir, ardınca infeksiya bütün şəhərə yayılır, sonra isə həyat dayanır...

- Sizcə, dəfələrlə eyni mövzuya müraciət olunması təsadüfdürmü?

- Xeyr, amma xüsusi bir məna axtarmağa ehtiyac yoxdur. Dediyim kimi, belə fövqəladə vəziyyətlər əvvəlki illərdə, əsrlərdə də olub. Həmin dahilər ya sözügedən hadisələrin birbaşa şahidinə çevrilib, ya da kimdənsə eşidib, oxuyublar.

- İnsanlara tövsiyələriniz...

- Diqqətli olmaq və qorxmamaq. Qorxu insanın düşmənidir. Bildiyiniz kimi, koronavirusun gənclərə yoluxma ehtimalı azdır. Ona görə də gənclər yaşlılara kömək etməli, könüllü kimi fəaliyyət göstərməlidirlər.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu