Dövlətimiz çevik davranır: “Bu işdə xalqın da dəstəyi önəmli rol oynayır”

“Müəyyən adamlar məsuliyyətsizlik edə bilər, amma ümumi dövlət siyasəti çox məsuliyyətlidir”



Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Bu gün 63  yeni yoluxma faktı qeydə alınıb. Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir
Ölkəmizdə infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. İlk zamanlar infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. 
Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. 
Əvvəllər ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirusa yoluxanların sayının artması bizi qorxutmamalıdır:

“Küyə düşmək lazımdır deyil. Məlumdur ki, minlərlə azərbaycanlı xaricdən ölkəmizə gətirildi. Onların hamısı karantinə yerləşdirildi. Bəlli müddətdən sonra onlar arasından koronavirusa yoluxmuş insanların aşkarlanması gözlənilirdi. Ona görə də rəqəm getdikcə artır. Əvvəlki günlərə nisbətən xeyli artım müşahidə olunur. Yəqin ki, qarşıdakı günlərdə bu artım bir az da davam edəcək. Həmin adamların demək olar ki, hamısı karantindədir. Onların əhali arasına çıxmasının qarşısı alınıb”. 



A.Həsrət vurğulayıb ki, dövlətimiz koronavirusla bağlı çevik davransa da, xaricdən gələn azərbaycanlıların bəzisində virus aşkarlanıb.  Təbii ki, həmin insanların digər şəxsləri yoluxdurma şansı yüksəkdir:

“Bu baxımdan yoluxma sayları artan istiqamətdə gedəcək. Əlbəttə ki, dövlətimiz də boş durmur. Karantin tədbirlərinin sərtləşdirilməsi effektlərini yavaş-yavaş verməyə başlayacaq. Bir neçə gündən sonra hiss edəcəyik ki, ölkədə yoluxmaların qarşısının alınması üçün addımlar atılır. Digər tərəfdən də tibbi hazırlığımızı daha yüksək mərhələyə çatdırmaqdayıq. Dövlət konkret olaraq xəstəxanalar ayırıb, tibbi personalın demək olar ki, hamısı səfərbər olunub. Həmçinin ehtiyac yaranacağı təqdirdə hərbi hospitalların belə hərəkətə keçməsi və yaxud açılması üçün işlər görülür. Bütün bunlar vətəndaşlarımızın məsuliyyəti ilə birlikdə Azərbaycanın bu bəladan az itki ilə qurtulması üçün imkan yaradır. Ən əsası odur ki, həqiqətən də dövlətimiz çox məsuliyyətli davranır. Təbii ki, müəyyən adamlar məsuliyyətsizlik edə bilər, amma ümumi dövlət siyasəti çox məsuliyyətlidir. Xüsusilə də cənab Prezidentin davranışları bizi əmin edir ki, koronavirus bəlasından az itkin ilə qurtula biləcəyik.

Xalqımız tədbirləri anlayışla qarşılayır. Xüsusilə “Evdə qal” çağırışları əhalinin böyük əksəriyyəti tərəfindən ciddiyə alınır. Çünki küçədə nə qədər az adam olsa, yoluxma halları bir o qədər azalacaq. Təbii ki, belə etməklə həm özümüzü qorumuş olacağıq. Düzdür, evdə uzun müddət oturmaq sıxıntılıdır. Lakin nəzərə almaq lazımdır ki, ev də ac qalmaq uzun müddət xəstəxanada yatmaqdan və həyatdan məhrum olmaqdan daha yaxşıdır. Ona görə də dövlətimiz çevik davranır. Bu çeviklikdə xalqımızın dəstəyi önəmli rol oynayır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu