Yaponiyada virus yoluxmalarının artması fonunda fövqəladə vəziyyət elan ediləcək


Yaponiyanın Baş Naziri Şinzo Abe ölkədə koronavirus yoluxmalarının artması fonunda fövqəladə vəziyyət elan etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 6-da Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Buna səbəb kimi, son günlər Tokioda və bir sıra böyük şəhərlərdə koronavirusun sürətlə yayılması göstərilir.

Baş Nazirin həmin bəyanatla aprelin 7-də çıxış edəcəyi və bir gün sonra fövqəladə vəziyyətin tətbiq olunacağı gözlənilir. Bundan sonra prefekturaların qubernatorları məktəblərin və digər obyektlərin bağlanmasını, əhalinin evdə qalmasını tələb edəcəklər.

Qeyd edilir ki, Ş.Abe hansı rayonlarda və nə vaxtadək fövqəladə vəziyyət elan olunduğunu da bəyan edəcək. İlk növbədə həmin siyahıda Tokio və Osakanın yer alacağı bildirilir.

Eyni zamanda, qeyd edilir ki, Yaponiya qanunvericiliyinə əsasən hökumət orqanlarının tələbləri yerinə yetirilmədiyi təqdirdə heç bir cəza və ya cərimə tətbiq olunmayacaq. Bundan əlavə, Ş.Abe fövqəladə vəziyyət elan etmək üçün səhiyyə üzrə mütəxəssislər qrupunun rəyini almalı və bu barədə parlamenti məlumatlandırmalıdır.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada 4563 nəfər koronavirusa yoluxub, 104 nəfər isə ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu