Qənirə Paşayeva: “Vətəndaşlar öz məsuliyyətlərini dərk etməli, dövlətə dəstək olmalıdırlar"


“Virusun yayılmasının qarşısını bütün rayonlarımızda vətəndaş məsuliyyətini daha da artırmaqla ala bilərik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, dövlətin gördüyü tədbirlərin yanında vətəndaşlar da öz məsuliyyətini dərk etməlidir: “Dövlətin, hökumətin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlərə, qaydalara, qanunlara, çağırışlara, qadağalara əməl edin.  Bu günlərdə evdə qalmaq sizin özünüz üçün lazımdır. Buna görə də vətəndaşlara çağırış edirəm ki, evdə qalmağa çalışsınlar. Bu qrip virusu deyil ki, özünü tez biruzə versin. Bu virus bəzən bir neçə gün sonra özünü biruzə verir, bəzən isə sağlam gördüyümüz insan koronavirus daşıyıcısı ola bilir. Ona görə də sizin evdə qalmağınız həm özünüz, həm də Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Ona görə də evdən çıxmaq məcburiyyəti yaranmadığı hallarda evdən çıxmayın. Bu dövrdə yaşlı insanlara, körpələrə, uşaqlara xüsusi diqqət yetirmək lazımdır. Onlar gərək evdə sosial izolyasiya şəraitində olsunlar. Çünki biz onları ancaq belə qoruya bilərik”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, biz birlikdə güclüyük: “Dövlət və vətəndaşlar əl-ələ versə, biz bu virusun daha geniş yayılmasının qarşısını ala bilərik. Əks halda virusun daha geniş ərazilərə yayılmasına mane olmaq çətinləşəcək. Bir çox ölkələrin nümunəsi var. Əgər özünüzdə koronavirusun simptomlarını hiss edirsinizsə, mütləq təcili tibbi yardıma müraciət edin. Bu dövrdə gigiyena qaydalarına xüsusi diqqət etmək lazımdır. Xüsusilə, evdən kənara çıxanda vətəndaşlarımız daha diqqət etsinlər. Maskası olmayan vətəndaşlar ağız və burnunu şarfla və ya hansısa bir vasitə ilə örtməyə çalışsınlar”.

Q. Paşayeva nəzərə çatıdırıb ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var: “İlkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Bu da yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb.  Koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir”.

Millət vəkilinin sözlərinə görə, evdə qalan insanlar içərisində kasıb, tənha, qoca insanlar var. Bu cür insanlara kömək etmək üçün dövlət proqramları hazırlanır: "Ölkə başçısının tapşırıqları ilə bu proqramların hazırlanması başa çatıb və artıq bunun tətbiqinə başlanacaq. Ancaq mən həm də Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda olan varlı insanlara üz tutmaq istəyirəm. Bu virusdan heç kim sığortalanmayıb. Virus genişlənərsə, hamımız bunun əziyyətini çəkəcəyik. Ona görə də hazırda çətin vəziyyətdə olan ailələrə imkanlı insanlarımız dəstək olmalıdır. İndi hər kəs dövlətin yanında olmalıdır. Biz bu gün insanlıq imtahanı veririk. Günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda COVİD-19-la mübarizə dövründə evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə imkanlı insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu