Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur


Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yollarda təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Masazır-Novxanı avtomobil yolunun 2,5 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.



Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülür.

Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınır və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilir. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilir. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilir. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsilə əldə edilən qatqı yol əsasına səpilir və qarışdırılır. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb kipləşdirilir.

Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxaracaq.

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin yaxın günlərdə yekunlaşdırılması və ardınca asfaltlanma işlərinə başlanılması nəzərdə tutulur. Yeni asfalt-beton örtüyü 30 min kvadratmetr sahəyə döşənəcək. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri aparılacaq.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlanma xətləri çəkiləcək. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu