“Dövlət lazımi addımları atır, əhali də virusa ciddi yanaşır”- Müsbət nəticə… 


Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları artır.Məhz ona görə də sosial şəbəkələrdə müəyyən əsassız mülahizələr irəli sürülür və dezinformasiyalar yayılır. Halbuki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. İlkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. Nəzərə almaq lazımdır ki, koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxmasl 28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır. 
ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb.  Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.



Mövcud durumu “Sherg.az”a dəyərləndirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanda pik nöqtə gün ərzində 78 nəfərdir. 
Deputat qeyd edib ki, əgər bu rəqəm əvvəlki günə nisbətən dəfələrlə artsaydı, ölüm faizi xəstələnənlərin böyük bir hissəsini əhatə etsəydi, onda kimlərinsə ittiham haqqı olardı: 

“Gördüyünüz kimi ölkəmizdə yoluxanların sayı müəyyən bir həddə dayanır və artım müşahidə olunmur. Azərbaycan çox ciddi surətdə dünyaya inteqrasiya edir. Ölkəmiz trans-nəqliyyat xəttlərinin keçdiyi və mühüm layihələri reallaşdıran bir ölkədir. Bu baxımdan ilkin dövrdə koronavirus xaricdən Azərbaycana keçə bilmədi. Azərbaycan sərhədləri vaxtında bağlayıb, məhdudlaşdırıcı addımlar ataraq, virusun geniş surətdə yayılmasına imkan vermədi. Hesab edirəm ki, görülən işlər öz müsbət nəticəsini verəcək. Əlbəttə, o da bir faktdır ki, əvvəllər Azərbaycanda koronavirusu aşkar etmək üçün test imkanları həddindən artıq az idi. Buna görə də yoluxanların hamısını müəyyən etmək mümkün olmurdu. Həm də insanlarımızın hamısı koronavirus barədə tam məlumatlı deyildi. Bu baxımdan hətta özündə onun simptomlarını hiss edənlər bunu adi qrip, öskürək, yaxud keçici fəsil xəstəliyi kimi qəbul edirdi. Amma indi həm əhali bu məsələyə çox ciddi yanaşır, həm də dövlət tərəfindən lazımi addımlar atılır”. 

A.Mirzəzadə vurğulayıb ki, aprelin 5-də gün ərzində cəmi 500 min adam evdən çıxmaq üçün SMS-lə icazə istəyib: 

“Ölkə əhalisi 10 milyon nəfərdir. Təxminən, 6-7 milyonu işi-gücü olan, yetkinlik yaşına çatmış şəxslərdir. Bu, onu göstərir ki, insanların əksəriyyəti evdə qalmağa üstünlük verir. Bununla da növbəti yoluxmaların qarşısı alınır. Düşünürəm ki, Azərbaycanda bu xəstəlik pandemiya mərhələsinə keçməyəcək. Atılan addımlar müəyyən dövrdən sonra onun tədricən azalmasına gətirib çıxaracaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu