Deputat:“Maskaya olan tələbat tam ödəniləcək” – Dəstəkləndi !

"Dəfələrlə söyləyirik ki, dövlət tədricən hansı boşluqlar var, onu dolduracaq, nələr çatışmırsa, onu təmin etməyə çalışacaq. Buyurun, ölkə prezidenti xalqa verdiyi vədini qısa müddətə yerinə yetirdi"


Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Prezident müəssisə ilə tanışlıqdan sonra  Azərbaycan xalqına müraciət edib: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi”. 
Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyət daşıdığını vurğulayan ölkə başçısı  dünyanın bir çox ölkələrində də bu sahədə  ciddi problemlər yaşandığını qeyd edib: “ Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.

Azərbaycanda tibbi maska istehsalı müəssisəsinin açılmasını yüksək dəyərləndirən millət vəkili Fazil Mustafa “Sherg.az”a deyib ki, bir qrup insan karantin qaydalarına əməl etməmənin bəhanəsini tibbi maskaların apteklərdə olmaması ilə əlaqələndirirdi:

“Etiraf edək ki, yetərincə səbrli deyilik. Dəfələrlə söyləyirik ki, dövlət tədricən hansı boşluqlar var, onu dolduracaq, nələr çatışmırsa, onu təmin etməyə çalışacaq. Buyurun, ölkə prezidenti xalqa verdiyi vədini qısa müddətə yerinə yetirdi. Budur, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək. İkinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin rəhbəri Səkinə xanım çox vətənsevər və öz işini yüksək səviyyədə bilən tanıdığım bir sahibkar olduğuna görə əminliklə söyləyə bilərəm ki, bu müəssisənin məhsulları həm keyfiyyətinə , həm də kəmiyyətinə görə daxili bazarda tələbatı tam şəkildə ödəyəcək”. 

Millət vəkilinin sözlərinə görə,  ölkə prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın bu açılışda şəxsən iştirakı həm də dövlət rəhbərləri səviyyəsində vətəndaşların gözləntilərinə necə həssaslıqla yanaşıldığını göstərirdi. Prezident bir çox anlamlı mesajlar da verdi:

“Vurğuladığı ən əsas tezis bu idi ki, dövlət vətəndaş üçün nə lazımdırsa edəcək, sahibkarlar da, vətəndaşlar da öz məsuliyyətli davranışlarını ortaya qoymalıdırlar ki, bu kritik vəziyyətdən az itkilərlə qurtula bilək. Artıq koronavirusdan qorunmaq üçün bütün lazımi dezinfeksiya və qoruyucu vasitələr daxili istehsalda olduğuna görə bu faktor təhlükə risqini də xeyli azalda biləcək.  Bu günümüzdə belə bir istehsalın başlaması fikrimcə, cəmiyyətimizdə xeyli ümidverici impulslar yaradacaq. Allah dövlətimizi qorusun! Biz birlikdə güclüyük!”

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu