Psixoloq: Belə mübarizədə həmişə insan qalib gəlir


Həyat gözəlliklərlə doludur. Dan üzü tezdən günəşin üfüqdən boylanmasını seyr etmək, pəncərə önündə dil-dil ötən quşların nəğməsini dinləmək, hər səhər çantanı götürüb işə tələsmək, sevdiyin peşədə çalışmaq... “İkinci ev” dediyimiz iş yerində səninlə doğmalaşan həmkarlarınla görüşmək, axşam evə tələsmək, dükan-bazara baş çəkmək, səhər çıxdığın mənzilin qapısını açıb içəri girmək, mətbəxə keçib qazan asmaq, doğmaların üçün süfrə hazırlamaq, onlarla üzbəüz oturmaq...

Hansını deyim: birdirmi, ikidirmi? Həyat həmişə gözəldir, onun dadını çıxararaq və sağlam yaşamaq üçün hər şeyə qatlaşmağa dəyər. Hətta bu saat dünyada baş alıb gedən pandemiyaya da...

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova söyləyib. O deyib: “Mən psixologiya fənnini tədris edirəm. Müəllim üçün ən böyük xöşbəxtlikdən biri hər gün auditoriyada tələbələrlə üzbəüz olmaq, bilik və təcrübəsini onlara aşılamaq, sabaha layiqli mütəxəssislər hazırlamaqdır. Amma bir aydan artıqdır ki, auditoriyaya girmirəm, çox sevdiyim tələbələrlə görüşmürəm. Bu, əlbəttə ki, məni təəssüfləndirir. Lakin hər həftə onlayn qaydada olsa da, dərsləri davam etdiririk. Doğrudur, bu, auditoriyada keçilən dərsin yerini verməsə də, mövcud şəraitə uyğun olaraq bununla kifayətlənməli oluruq”.

Yeganə Əsgərova karantin rejimində evdə olduğu müddətdə öz məşğuliyyəti haqqında da məlumat verib: “Psixoanalizin banisi Ziqmund Freydin “Psixoanalizə dair beş mühazirə”, “Günlük yaşamın psixopatiyası” və “Yuxuların yozumu”, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyevin “Mən, atam-anam, sevgilim və övladlarım” kitablarını oxumaq üçün yaxşı fürsət əldə etdim. “Qatardakı qadın” psixoloji filmini izlədim. Bir sıra bədii kitabları da oxumaq fürsəti qazanmışam. Arada xalq mahnılarını, milli musiqi nümunələrini dinləyirəm. Nəvəm Vüqarla “WhatsApp”da xeyli xoş dəqiqələr keçirirəm”.

Qorxulu bir kabus kimi bəşəriyyətin başı üstünü almış koronavirus pandemiyası haqqında bəhs edən psixoloq deyib: “Bu, çox dəhşətli və ağır bir sınaqdır. Eyni zamanda, bu cür mübarizələrdə həmişə insan qalib gəlib. Bu dəfə də belə olacağına əminəm. Lakin bunun üçün hamı karantin dövrünün tələblərinə uyğun yaşamalı, həyatını risk altında qoymamalı, eləcə də qlobal fəlakətdən minimum itkilərlə xilas olmaq üçün hər kəs əlindən gələni etməlidr. Yalnız bu yolla bizi gözləyən böyük itkilərdən yan keçə bilərik. Ona görə də hər kəs dövlət başçısının müraciətini, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaları nəzərə almalı və karantin dövrünün tələblərinə uyğun yaşamalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu