Sabiq XİN başçısı: “Azərbaycan və Ermənistan regionda tək qalıb” - AKTUAL 

“Rəsmi Bakının hansısa mərhələdə qətiyyətli söz deməyə həm hüququ, həm də imkanı var”

“Çünki Rusiya-Ermənistan münasibətləri böhran içindədir. Ermənilərə ümid yeri olan Rusiyanın köməyi tədricən mümkünsüz hala gəlməkdədir”



Məlum olduğu kimi 2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilib. Lakin separatçıların “seçki” şousu nəticə vermədiyi üçün 14 aprel tarixində “seçki”nin ikinci turunun keçirilməsi qərara alınıb. Qondarma rejimin işğal olunmuş Azərbaycan ərazilərində təşkil etiyi qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib. Demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib. Diqqət çəkən məqam odur ki, əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə olunub. Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Bütün bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Açıqca vurğulanır ki, qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil. Ən əsası isə qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Xüsusi olaraq tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni də qeyd etmək olar. Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayır. Heç şübhəsiz, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. 
Dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilir. Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır. Ona görə də yaxşı olar ki, Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyaraq səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etsin. Qısa zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər. 

İşğal olunmuş ərazilirəmizdəki qondarma “seçkilər”lə bağlı “Sherg.az” fikirlərini bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Dağlıq Qarabağda baş verən hadisələri heç də hansısa qondarma bir rejimin fəaliyyəti kimi dəyərləndirmək olmaz. 
Sabiq XİN rəhbərinin sözlərinə görə, işğal olunmuş ərazidəki separatçıların Ermənistan tərəfindən idarə olunması reallığı hamıya bəllidir: 

“Keçən il verilən bəyanatlara nəzərə alsaq, görəcəyik ki, Ermənistanda bu məsələ ilə bağlı ikili mövqe var. Bir tərəfdən bəyan edilir ki, Qarabağda ikinci “erməni dövləti” yaranmalıdır. Digər tərəfdən baş nazir Nikol Paşinyan vurğulayır ki, “Qarabağ Ermənistanın bir hissəsidir”. Amma buna baxmayaraq, yenə də köhnə siyasi şouları təşkil edirlər. Əgər Qarabağ Paşinyanın iddia etdiyi kimi “Ermənistanın bir hissəsidirsə”, onda niyə görə, orada “seçkilər” keçirilir?! Bu, çox məntiqli sual olar. Bu cür siyasi şoular daxili auditoriyanın başını qatmaq üçün hazırlanır. Yaxşı haldır ki, dünya birliyi, beynəlxalq qurumlar Qarabağdakı “seçkiləri” tanımadıqlarını və tanımayacaqlarını qeyd edirlər. Azərbaycanın da mövqeyi bəllidir. Cənab Prezident Münhendə birmənalı bəyan etdi ki, bizim siyasətimizin məqsədi ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Orada çox vacib bir bəyanat da səsləndi ki, Azərbaycan vətəndaşlarına verilən hüquqlar Qarabağdakı ermənilərə də şamil edilə bilər. Təbii ki, öncə Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Yalnız bu çərçivədə hansısa imtiyaz verilə bilər. Bu da onu göstərir ki, əvvəllər gündəmə gətirilən muxtariyyət məsələsi artıq qüvvədə deyil və Azərbaycanın bu məsələdə mövqeyi bir qədər sərtləşib”. 

T.Zülfüqarov bəyan edib ki, Ermənistanın yürütdüyü siyasət böhran içindədir: 

“Ermənilərə ümid yeri olan Rusiyanın köməyi tədricən mümkünsüz hala gəlməkdədir. Bu, məhrumiyyət sadəcə pandemiyaya görə deyil. Əslində iki ölkə arasında böhran daha əvvələ təsadüf edir. Pandemiya isə bu yardımlaşmaya son qoyacaq. Ermənistan indiyə qədər öz işğalçılıq siyasətini Rusiyanın təhlükəsizlik sipəri altında keçirirdi. Hazırda Azərbaycan və Ermənistan regionda tək qalıb. Bu baxımdan Azərbaycanın hansısa mərhələdə qətiyyətli söz deməyə həm hüququ, həm də imkanı var”. 

Politoloq vurğulayıb ki, Qarabağdakı qondarma rejimin başına kimin keçiriləcəyi bizim üçün əhəmiyyət kəsb etmir: 

“İşğal olunmuş ərazilərimizdə baş verən proseslər hamıya bəllidir. Ermənistan Azərbaycan ərazilərini işğal edib və orada etnik təmizləmə aparıb. Düşmənin sonrakı məqsədi anneksiya siyasətini həyata keçirməkdir. Yəni işğal olunmuş əraziləri Ermənistana birləşdirmək məqsədi güdülür. Hesab edirəm ki, orada gedən siyasi şoulara Azərbaycan çox diqqət yetirməməlidir. Separatçıların başına kimin gəlməsi bizim üçün maraqlı deyil. Ermənistandan barmaqla hansı “namizədi” göstərsələr, onu da “seçəcəklər”. Hamısı siyasi şoudur. Bizim yeganə məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu