“Ermənilərin budəfəki seçki şousu rədd edildi” - AKTUAL ŞƏRH

Rufiz Qonaqov: “Dünya ölkələri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 

“Minsk Qrupunun üzərində böyük yük düşür. Artıq vaxt çoxdan yetişib ki, Ermənistan öz, yəni işğalçı adı ilə çağrılsın”



İşğal olunmuş ərazilərimizdə keçirilmiş qondarma “seçkilərdən” də dərhal sonra onun qondarma nəticələri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib. Və ölkəmizin suverenliyi, o cümlədən ərazi bütövlüyünə dəstək göstərilib.  Eyni zamanda  koronavirus təhlükəsi dünyanı öz cənginə aldığı bir vaxtda qondarma "DQR"də belə bir saxta tədbirin keçirilməsi sərt şəkildə qınanıb və məsuliyyətsizlik kimi  qəbul edilib. 

Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdil və birmənalıdır!Hətta  əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Eyni zamanda həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib ki, bu da işğalçıları sözün əsl mənasında dalana dirəyərək fiaskoya uğradıb. 



Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri,  politoloq Rufiz Qonaqov  “Sherg.az”a açıqlamasında beynəlxalq ictimaiyyətin 2020-ci il 31 martda Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri rəd etməsinin bizim üçün gözlənilən olduğunu deyib.  Onun sözlərinə görə, Ermənistan  tərəfinin ötən illərdə  keçirdiyi qondarma seçkilər də heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən  tanınmayıb. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığından ermənilərin işğal olunmuş ərazilərimizdəki budəfəki seçki şousu da  beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi: 

“Əvvəlki seçkilərdən fərqli olaraq beynəlxalq ictimaiyyət tərəfindən verilən bəyanatların sayı daha da artıb.  İndi beynəlxalq təşkilatların mövqeyi sərt və açıq formada bəyan olunub. BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı da daxil olmaqla, GUAM, ATƏT-in Minsk Qrupu, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, eləcə də Gürcüstan, Ukrayna, Moldova, Kanada, Bosna Hersoqavinə, Fillandiya, Almaniya, İtalya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya kimi ölkələrin adını qeyd edə bilərik.

Siyahıdan da məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanadaya, Türk Şurasından NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Sözsüz ki, qondarma seçkilərin keçirilməsi tanınmır. Beləliklə də, seçkilərin heç bir hüquqi qüvvəyə malik olmadığı xüsusi vurğulanır. Eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən ərazi bütövlüyü və suverənliyinə birmənalı şəkildə dəstək ifadə olunaraq, BMT-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi vurğulanır.

Bəyanatda yer alan “seçkilərin konstitutsional və hüquqi çərçivəsi tanınmır” ifadəsində beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə seçkilər yalnız Azərbaycan Respublikasının Konstitutsiyası çərçivəsində həll oluna bilər. Xüsusilə də ermənilərin seçki, demokratiya kimi prespektivsiz şouları bir tərəfə qoyulur. Və qeyd olunur ki, Ermənistanın sülh danışıqlarında səmimi və ciddi şəkildə iştirak etməsi, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması indiki halda daha vacibdir.

Dünyada koronavirus pandemiyasının yayılması vaxtı Ermənistan belə bir addım atıb, işğal faktorunu bir daha təsdiq etməklə həm də dünyaya meydan oxumuş olur.  Eyni zamanda öz vətəndaşlarını, erməni xalqını təhlükəyə atır. Bu, bir daha Ermənistanın yırtıcı, işğalçı, terrorçu simasını ortaya qoyur. Sözsüz ki, bu vəziyyətdə Azərbaycan diplomatiyası bu günə qədər uğur qazanıb. Bundan sonra da ATƏT-in Minsk Qrupunun üzərində böyük yük düşür. Artıq vaxt çoxdan yetişib ki, Ermənistan öz, yəni işğalçı adı ilə çağrılsın.

Nə qədər ki, düşmən öz adı ilə çağrılmır, o da bu cür işğalçı, terrorçu mahiyyəti ilə dünyaya meydan oxuyacaq. Ona görə də Azərbaycan təbii ki, indiki vəziyyətdə bir daha ATƏT-in Minsk Qrupundan qətiyyətli və prinsipial olmasını tələb edir. Bu, eyni zamanda Azərbaycan hakimiyyətinin də birmənalı mövqeyidir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu