Tibbi maska istehsalı: “Asılılıq olmayacaq, qiymət optimallaşacaq” 

Vüqar Bayramov:“Belə məhsullara hər zaman tələbat yüksək olur. O baxımdan müəssisə pandemiya dövründən sonra da öz fəaliyyətini davam etdirə bilər” 


“Azərbaycan tibbi maskaları xarici ölkələrdən idxal edir. Hazırda ölkəmizdə tibbi maskaya olan ehtiyac tam olaraq idxal hesabına ödənilir”. 

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Sumqayıtda tibbi maska istehsal edən yeni müəssisənin fəaliyyətə başlaması bir çox baxımdan Azərbaycan üçün səmərəlidir: 

“Müəssisənin işə başlaması bir tərəfdən imkan verəcək ki, tibbi maskalar yerli istehsal hesabına ödənilsin. Digər tərəfdən isə süni qiymət artımlarının qarşını alacaq. Qiymət məsələsi çox vacibdir. Nəzərə alsaq ki, bugün dünya bazarında tibbi maskaların qiymətlərində artım müşahidə olunur. Hazırda xeyli sayda ölkə istehsal etdiyi tibbi maskaları digər dövlərlərə satmaqdan imtina edir. Çünki hər ölkədə maskaya tələbat kəskin şəkildə artıb. O baxımdan müəssisənin işə düşməsi idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, qiymətləri də optimallaşdıracaq”. 



Millət vəkili vurğulayıb ki, tibbi maska istehsalı növbəti mərhələdə ixrac imkanları da deməkdir: 

“Daxili tələb ödəndikdən sonra istehsal etdiyimiz keyfiyyətli məhsulu xarici ölkələrə sata biləcəyik. Ona görə də maska istehsalı sadəcə koronavirusun aktiv olduğu dövr üçün nəzərdə tutulmur. Tibbi maskalar praktik olaraq hər zaman tələb olunan bir məhsuldur. Belə məhsullara hər zaman tələbat yüksək olur. O baxımdan müəssisə pandemiya dövründən sonra da öz fəaliyyətini davam etdirə bilər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu