“Dövlət insanların təhlükəsizliyini düşünür” - Həmrəylik zəruridir !

“Amma bəzi şəxslərin qanunazidd hərəkət etməsi, məsuliyyətsiz davranması qətiyyən yolverilməzdir”

İtaliya və İspaniyanın gününə düşməmək üçün dövlətin bütün təlimatlarına qeyd-şərtsiz əməl etmək vacibdir”




“Koronavirus bütün dünyanı sarsıdan bir bəladır”.

Bunu “Sherg.az”a Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

Birlik rəhbəri vurğulayıb ki, bir aydır mövcud təhlükə ilə bağlı Azərbaycanda kifayət qədər işlər görülür və əhali məlumatlandırılır: 

“Həkimlər, elm adamları, ziyalılar virusla bağlı çıxış edirlər və əhalini maarifləndirirlər. Heç şübhəsiz, atılan bütün addımlar, görülən tədbirlər Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi üçündür. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müraciətləri və rəhbərliyin tapşırığına əsasən görülən işlər çox önəmlidir. Azərbaycan əksər ölkədən daha çevik davrandı. Orta və ali məktəblərin bağlanması, evdən çıxma hallarının məhdudlaşdırılması və s. bütün tədbirlər xalqımızı bu bəladan ən az itki ilə çıxarmaq məqsədi daşıyır. Nazirlər Kabineti nəzdində yaradılmış Operativ Qərargahın qərarları həyati əhəmiyyət kəsb edir. Dövlətimiz insanların təhlükəsizliyini düşünür. Bəzi şəxslərin qanunazidd hərəkət etməsi, məsuliyyətsiz davranması qətiyyən yolverilməzdir. Boş-boşuna küçəyə çıxanlar fikirləşsinlər ki, sadəcə öz həyatlarını deyil, əziz adamlarının da sağlamlığını riskə atırlar”. 

T.Rüstəmxanlının sözlərinə görə, bunların hamısı keçib-gedəcək. Sadəcə çətin günlərdə həmrəylik nümayiş etdirməliyik: 

“Bir-birimizə dayaq durmalıyıq, qorumalıyıq, fədakarlıq etməliyik. Başa düşürəm, uzun müddət evdə oturmaq hamı üçün çətindir, maddi problemləri olan ailələrimiz də var. Amma onlar üçün də tədbirlər görülür, işsiz şəxslərə iki aylıq 190 manat məbləğində vəsait verilməsi planlaşdırılır. Yəni dövlət bütün zəruri addımları atır, ciddi tədbirlər həyata keçirir. Bunları qiymətləndirmək lazımdır. O cümlədən, xeyirxah insanlarımız, millət vəkillərimiz də təmsil etdikləri rayonların sakinlərinə bacardıqları maddi yardımı göstərirlər”. 

Qurum sədrinin sözlərinə görə, evdə oturmaqla da məhsuldar işləmək mümkündür: 

“Xeyli yarımçıq yazılarım var idi. Evdə qaldığım müddətdə onları tamamlamaqla məşğulam. Əminəm ki, hər kəsin evdə müəyyən məşğuliyyət tapmaq imkanı var. “Ellə gələn toy-bayramdır” deyirlər. Koronavirus sadəcə bizim problemimiz deyil. İndi bütün dünya bu bəla ilə mübarizə aparır. İstəmirəm ki, Azərbaycanımız İtaliyanın, İspaniyanın gününə düşsün. Onların vəziyyətinə düşməmək üçün dövlətin bütün təlimatlarına qeyd-şərtsiz əməl etmək zəruridir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu