Türkiyənin “əli tətikdə” ! - "Terrorla mübarizə davam edir" – PKK-nın son çırpıntıları...

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları tərəfindən yolda quraşdırılmış bombanın partladılması nəticəsində 5 nəfər həyatını itirib. “Anadolu” agentliyinin məlumatına görə, ölənlər meşə təsərrüfatı sahəsində çalışan şəxslərdir. Bir sıra ekspertlərin fikrincə, Türkiyə hökumətinin koronavirus pandemiyası ilə məşğul olmasını özləri üçün göydəndüşmə fürsət bilən terrorçular yenidən fəallıq nümayiş etdirməyə başlayıblar. Elə bu məqsədlə də imkan tapdıqları bölgələrdə teraktlara həyata keçirirlər. 

Terror hadisəsini “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri isə bu cür iddiaları qəbul etmir. Onun sözlərinə görə, Türkiyə terrora qarşı mübarizəni aktiv şəkildə icra edir və kiçik fasilə belə vermir: 


“Həm Şimali İraqda, həm də Suriyada terrorçu qruplara qarşı sərt formada mübarizə həyata keçirilir. Hər gün onlarla terrorçu zərərsizləşdirilir. Bu faktın özü göstərir ki, Türkiyə terrorla mübarizədən vaz keçməyib. Rəsmi Ankara yaxşı anlayır ki, idarəolunan koronavirus pandemiyası müəyyən qlobal maliyyə qruplarının geosiyasi və geostrateji maraqlarına xidmət edir. Əlbəttə, bunu anlayan bir ölkə bu cür həssas məsələlərdə boşluq buraxa bilməz. Pandemiya təkcə Türkiyədəki insanları deyil, eyni zamanda mənfur terrorçuları da haqlayıb. Şimali İraqda, Suriyanın şimalında məskunlaşmış PKK-çılar da bu virusa sürətlə yoluxmaqdadır. Terror təşkilatının rəhbərliyi virusa yoluxanları bilərəkdən ölümə tərk edirlər. Onlar üçün ən yaxşı “qurtuluş” yolu isə canlı bombalar hazırlayıb mülki şəxslərin üzərinə göndərməkdir”. 

Siyasi şərhçiyə görə, Diyarbəkirdə baş verən terror da məhz bununla bağlıdır: 

“Ancaq PKK terrorçularının son çırpınışlarıdır. Təşkilat sürətli formada parçalanmaqdadır. Qısa müddət ərzində xeyli terrorçu könüllü şəkildə Türkiyənin hüquq-mühafizə orqanlarına təslim olublar. Təslim olan terrorçuların açıqlamalarında da hiss olunur ki, təşkilat çözülməyə doğru gedir. Türkiyə təkcə Suriya və İraqın şimalında deyil, eyni zamanda Liviyada da rus qoşunlarına qarşı döyüşür. Bu faktlar göstərir ki, Türkiyə bir an belə nə PKK terrorçularına qarşı mübarizədən, nə də Suriya, İraq və Liviyadakı maraqlarından vaz keçib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu