ÜTT: Ağır durğunluq dövrü yaşana bilər


Ümumdünya Ticarət Təşkilatı (ÜTT) koronavirus böhranı nəticəsində dünyada ticarət dövriyyəsinin 13-32 faiz arasında aşağı düşəcəyindən və ağır durğunluq dövrünün yaşanacağından narahatdır.
Axar.az xəbər verir ki, təşkilatdan faiz göstəriciləri ən nikbin (13 faiz) və ən bədbin (32 faiz) ssenari arasında fərq kimi dəyərləndirilib.
ÜTT-nin rəhbəri Roberto Azevedo bildirib ki, ticarət və istehsalatın qarşısıalınmaz azalması şirkətlər və insanlara öz ağrılı təsirini göstərəcəkdir. O, pandemiyaya qarşı düzgün iqtisadi-siyasi addımların atılmasının gələcək üçün mühüm əhəmiyyət kəsb edəcəyini də diqqətə çatdırıb. Qeyd edilib ki, əgər hər bir ölkə böhrandan çıxmaq üçün yalnız özünü düşünmək əvəzinə, ölkələr arasında əməkdaşlıq edilsə, o zaman ticarətin daha tez dirçəlməsinə şahid ola biləcəyik.

R.Azevedo həmçinin bildirib ki, nikbin ssenariyə əsasən dünya iqtisadiyyatı bu ilin ikinci yarısında artıq sabitləşə bilər. Həm şirkətlər, həm də istehlakçıların baş verən böhranı bir dəfə yaşanan və təkrarlanmayan şok kimi dəyərləndirməsi ticarətin tərəqqisi üçün əsas faktor ola bilər. Belə olacağı təqdirdə sərmayələr və istehlak xərcləri yenidən yüksələ və dünya iqtisadiyyatı özünə gələ bilər. Əgər pandemiya cari il ərzində nəzarət altına alınsa, 2021-ci ildə dünyanın əksər regionlarında iqtisadi artım 20 faizdən də yüksək ola bilər.

Beynəlxalq təşkilatın rəhbəri nikbin ssenari ilə yanaşı vəziyyətin dramatik məcrada inkişafına yol aça bilən risk faktorlarının də kifayət qədər olduğunu ifadə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu