190 manatı kim alacaq?

Problemlər artır, şikayətlər səngimir, həll isə...

İnsanlar bilmirlər gülsünlər, ya ağlasınlar?


Nazirlər Kabineti “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edib. Əlbəttə, bu, insanları düşünməyin, xalqın qayğısına qalmağın nümunəsi kimi qiymətləndirilə bilər. Amma həm qoyulan məhdudiyyətlər, həm də məbləğin azlığı ilk vaxtlardan etibarən camaatın narazılığına səbəb oldu. Sosial şəbəkələrdəki müzakirələr səngimək bilmir. Bir tərəfdən də texniki problemlər xalqın kefinə soğan doğrayır. Niyə nəzərdə tutulan yardımla ehtiyacı olan ailələr arasında sədd çəkilir. Özü də lap, az qala, Çin səddi kimi - keçilməz, aşılmaz...
Belə ki, müvafiq qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq”un alt sistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə ödənilir:
- 2020-ci il 1 aprel tarixinə Məşğulluğun Alt Sistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə;
- pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.

Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

- əmək pensiyaçılarına;

- aylıq müavinət alanlara;

- aylıq təqaüd alanlara;

- özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

- işsizlikdən sığorta ödənişi alanlara;

- peşə hazırlığına görə təqaüd alanlara;

- 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

- əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” alt sistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

- əri və ya arvadı bu qaydada qeyd edilən formada ödəniş alan şəxslərə.

 Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
 Eyni zamanda göstərilir ki, ailədə bir nəfər maaş alırsa, digərlərinə yardım olmayacaq. 

 İqtisadçı-ekspert Natiq Cəfərlinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazdıqları isə çoxlarının istəyini ifadə edir: "...Dünyanın hər yerində dövlət xalqa yardım edərkən həm də özünə yardım edir - həm sosial vəziyyəti dəngələyir, həm siyasi dividend qazanır, həm də ölkədə iqtisadiyyatın çarxlarının dönməsinə səbəb olur. Azərbaycanda xalqa pul vermək, maddi dəstək olmaq elə özünə yardım etmək deməkdir".
N.Cəfərli, həmçinin yazıb ki, yardımın məbləğinin artırılması da heç bir pis nəticəyə səbəb olmayacaq. Əksinə, vətəndaş hökumətə dua edəcək". 
İqtisadçı-ekspert dövlətin iqtisadi-sosial siyasət blokunu hazırlayanlara da müraciət edib: "Hamıya 200-250 manat pul paylayın, dövlətdən maaş alan 915 min nəfərə verməyin, təqaüd alan 1,3 mln. nəfərə ödəməyin, özəl sektorda çalışan və yardım verəcəyiniz 300 min əmək müqaviləsi olana da ödəniş etməyin, yerdə qalan hamıya pul verin, 200 manat paylasanız, bu, cəmi 1,5 mlrd. manat edəcək".

 

İqtisadçı-ekspert Ruslan Atakişiyev də "Sherg.az"a  açıqlamasında vətəndaşlara haqq verdiyini dedi:

"Bu kriteriyalar əvvəlcədən tərtib olunmuş qanunvericilik əsasında hazırlanıb. Təklif edərdim ki, uşaqlar üçün də müəyyən yardımlar nəzərdə tutulsun. Əgər valideynlərə 190 manat verilirsə, bu məbləğ övladlar üçün 150 və ya 100 manat olsun. Əsas odur ki, indiki çətin şəraitdə dolanmaq üçün normal imkan yaransın. Dediyim təcrübədən ABŞ-da, Türkiyədə istifadə olunur".

 R.Atakişiyevin sözlərinə görə, 190 manatla dolanmaq heç də asan olmayacaq:

"190 manat təkcə qidalanmaq üçün deyil. Kommunal xərclərin ödənilməsi də bura daxildir. Kommunal xərclər 40 manat olsa, yerdə 150 manat qalır.
Bildiyiniz kimi, indi, demək olar, hər ailədə onlayn dərslərdən istifadə olunur. İnternetə tələbat artıb. Deməli, internetin ödənişi, üstəgəl dezinfeksiya vasitələrinin xərci də bu vəsaitdən çıxacaq. Yerdə qalan məbləği də bir aya, yəni 30 günə bölsək, dörd nəfərlik bir ailədə adambaşına 1 manat 20 qəpik düşür. Deməli, insanlar çörək, soğanla qidalanmalıdırlar? Görünür, müəyyən boşluqlar olub. Halbuki dövlət başçısı özü də qeyd etmişdi ki, ən əsas məsələ insan faktorudur".

 Ekspertin fikrincə, indi insanlar biri-birlərini başa düşməlidirlər:
"Bir məsələni də qeyd edim, heç bir təqaüd almayan, üzvlərinin heç biri işləməyən ailələrə xüsusi yardım nəzərdə tutulmalıdır. Bunun üçün isə empatiya olmalıdır. Özümüzü başqasının yerinə qoymağı bacarmalıyıq". 



Ayrılan vəsaitin azlığından şikayətlənənlər kimi, qaydaların düzgün olmadığını deyənlər də var. Sosioloq Əhməd Qəşəmoğlu da qaydalarda dəqiqləşmələrə ehtiyacı olduğu fikrindədir:

"Məsələn, göstərilib ki, torpaq sahəsi olanlara yardım edilməyəcək. Niyə? Axı bu dar macalda torpaq mənə nə verə bilər? Torpağı yeyəsi ki, deyilik! Məncə, meyarlar başqa cür olmalı idi. Əks halda imkanlıların bu fürsətdən istifadə etməsi, imkansızların isə yenə də ehtiyac içində qalması real məsələdir".

Ə.Qəşəmoğlunun sözlərinə görə, belə hallarda üç istiqamətdə dəstək olmalıdır:

"Bunlardan birincisi, dövlət dəstəyidir. İkincisi, ictimaiyyətin köməyidir. Üçüncü amil isə adət-ənənədir. Belə ki, bu cür situasiyalarda qohum-qonşu biri-birlərinə mənəvi və maddi dəstək göstərməlidir". 

Qeyd etdiyimiz kimi, əsas problemlərdən biri də qeydiyyatdan keçmək üçün nəzərdə tutulan "www.e-sosial.az" saytında istifadəçilərin üzləşdiyi çətinliklərdir. İnsanlar ümidlə sayta daxil olsalar da, çox keçmir ki, yaranan problem qarşısında məyus olurlar. İKT mütəxəssisi Rəhim Aslanov bunun çox yüklənmə ilə bağlı olduğunu deyir: "Belə hallar olur. Bilərəkdən saytın çökdürüləcəyinə inanmıram. Məsələ burasındadır ki, indiyə kimi şərti olaraq 20 insanın daxil olduğu sayta artıq bundan 100 dəfə çox vətəndaş daxil olur. Bu səbəbdən də tıxac yaranır, yüklənmə olur".
Göründüyü kimi, dərd bir deyil, iki deyil. Həmdərd isə... Əslində həmdərd də çoxdur. Problemlərə çarə tapan, Prezident İlham Əliyevin məqsədyönlü, humanist təşəbbüslərinin reallaşmasına kömək edənlər yoxdur... İnanaq ki, bundan sonra müvafiq qurumlar daha məsuliyyətli, diqqətli olacaqlar.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu