Qan Turalı : “Karantin rejimi əla fürsət oldu” – Onlayn söhbət...


“Biz yazarlar həmişə bu ümidlə yaşayırıq ki, bütövlükdə cəmiyyəti dəyişə bilməsək də,  ayrı-ayrı fərdləri dəyişə bilərik”



Yazıçı Qan Turalı koronavirusla mübarizə çərçivəsində  evdə qalıb darıxanlar üçün onlayn maarifləndirmə kampaniyasına başlayıb.  Bu kampaniya çərçivəsində hazırladığı videolar vasitəsilə müxtəlif mövzuların  müzakirəsini aparır. Artıq iki video hazırlayıb feysbuk səhifəsində ictimai müzakirəsini təşkil edən yazar “Sherg.az”a bu  prosesin davamlı olacağını qeyd edib: “Hamımızın evə qapandığı bu günlərdə oxucular və izləyicilərlə onlayn söhbət açıb,  cəmiyyətdə maraq doğuran ictimai və ədəbi mövzuların  müzakirəsinə yer ayırmağın faydalı olacağını düşünürəm.  Bilirsiniz ki bəşər tarixinin ən maraqlı dövrlərindən birini yaşayırıq. Məncə bu karantin günləri fərdi inkişafımız, oxuyub öyrənərək mütaliəmizi artırmaq üçün bir fürsətdir. Əslində bu cür videolar paylaşmağı çoxdan düşünürdüm, sadəcə uyğun vaxt tapa bilmirdim.  Karantin rejimi ilə əlaqədar bütün gün evdə olmaq mənim üçün əla fürsət oldu.

Həm boş qalan vaxtımı səmərəli keçirmək, həm də insanlar üçün faydalı, ictimai səmərəsi olsun deyə bu planımı həyata keçirmək qərarı aldım. Məqsədim isə insanlara elmin , mədəniyyətin  əhəmiyyətini izah etməkdir. Bunun üçün sadəcə poetik şüarlar vacib deyil. Bu cür müzakirələr vasitəsilə də insanlarda elm və ədəbiyyata qarşı bir maraq oyadacağımı zənn edirəm.

Düzü, nə dərəcədə effektiv olacağını bilmirəm. Çünki adətən bu cür mövzularda heç vaxt real effekt görünmür.  Molla-Nəsrəddin jurnalı belə çap olunanda Azərbaycanın ictimai -siyasi həyatı üçün bu qədər əhəmiyyətli olacağı görünmürdü. 

Özümü qətiyyən  molla nəsrəddinçilərlə müqayisə etmirəm.  Demək istəyirəm ki,  yazarın hansısa bir  yazısını ucqar bir dağ kəndində oxuyan birisi ondan motivasiya alıb öz üzərində çalışırsa, bu artıq o yazıçının uğurudur.

Biz yazarlar həmişə bu ümidlə yaşayırıq ki bütövlükdə cəmiyyəti dəyişə bilməsək də  ayrı-ayrı fərdləri dəyişə bilərik.  Hər dəyişim özlüyündə bir təkamül xarakteri daşıyır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu