Mətbuata birdəfəlik maliyyə yardımı ayrılsınmı? – Fikirlər haçalandı: “Köhnə hamam, köhnə tas...”

 
Qonşu Türkiyədə media sahəsində çalışanların aylıq əmək haqqının 80 faizini dövlət qarşılayacaq. İngiltərədə isə media işçiləri üçün güzəştlər ediləcək.
Bir neçə millət vəkili də Azərbaycan mediasına birdəfəlik maliyyə yardımının ayrılması təklifi ilə çıxış edib.  Deputatlar hesab edir ki, mediamızın ayaqda qalması və cəmiyyəti informasiya ilə təmin etməsi üçün müvafiq qurumlar media qarşısında öhdəliyini yerinə yetirməlidir.

Qeyd edək ki, mövzu ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran baş redaktorların fikirləri haçalanıb


 “Azərbaycan mediası koronavirusdan əvvəl də reklam problemi yaşayır”

Azərbaycan Jurnalistlər Birliyinin sədri,  “Ayna- Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlının fikrincə,  karantinlə əlaqədar media  sahəsinə birdəfəlik maliyyə yardımının ayrılması məqsədəuyğundur, amma yenə də “köhnə hamam, köhnə tas” məsələsi olacaq:

“Azərbaycan mediası koronavirusdan əvvəl də reklam problemi yaşayır. Təəssüflər olsun ki, reklam bazarı ölü vəziyyətdədir. Qəzet alan da yoxdur.  Ona görə də mediaya ayrılan pulu bunların bərpasına yönəltmək lazımdır”.


“Vəziyyət düzələnə qədər medianı ayaqda saxlamaq lazımdır”

Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə hesab edir ki, digər  sahələrə göstərilən diqqət mətbuat üçün də keçərli olmalıdır: 

“ Əslinsə mediaya birdəfəlik yardım ayrılması məsələsini biz qaldırmışıq və deputatlar da münasibət bildirib, öz təkliflərini veriblər. Koronavirus pandemiyası cəmiyyətdəki bütün sahələrə mənfi təsirini göstərib. Media da bu cəmiyyətin bir qolu olduğundan böhran bu sahədən də təsirsiz ötüşməyəcək. Bu səbəbdən  mətbuatın mütləq mənada maddi dəstəyə ehtiyacı yaranacaq.  Onsuz da Azərbaycanda bərbad vəziyyətdə olan reklam bazarı pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar sıfırın altına düşüb. Hansısa bir şirkətlə reklam danışıqları aparmaq absurddur. Düşünürəm ki, vəziyyət düzələnə qədər medianı ayaqda saxlamaq lazımdır. Bunun üçün də ictimai-siyasi rəyin formalaşmasında mühüm rol oynayan media qurumlarının hər birinə maliyyə yardımı edilməlidir. Əks halda ciddi problemlər yaşayacağıq”.


“Medianın ac insanların boğazına şərik olmağa haqqı yoxdur”

Jurnalist Araşdırmaları Mərkəzinin sədri , “Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə isə indiki situasiyada medianın ac insanların boğazına şərik olmağa haqqı olmadığını düşünür:

 “Dövlət həmişə mətbuata yardım edib. KİV-ə Dəstək Fondunun yaradılması, jurnalistlər üçün çoxmərtəbəli binaların inşası bunun bariz nümunəsidir. KİV-in inkişafı çün konsepsiya mövcuddur. Bu isə o deməkdir ki, mətbuata dövlət yardımı gələcəkdə də davam edəcək. Amma indiki həssas məqamda mən dövlətdən yardım ummağın əleyhinəyəm. Dövlətin yükü çoxdur, dövlət minlərlə işsizi yedirməli, qayğılarını çəkib pandemiya üzündən işsiz qalan on minlərlə insana kömək etməlidir. Belə ağır vaxtda bir tərəfdən də biz jurnalistlər dövlətə yük olmamalıyıq”.

 Mətbuatın dövlətin ən çox qayğı göstərdiyi sahələrdən biri olduğunu vurğulayan baş redaktor hesab edir ki, əgər saytlarımız fəaliyyət göstərirsə, yazırıqsa, hər ay məvacib alırıqsa, niyə dövlətə yük olmalıyıq? Əlbəttə, pandemiya üzündən hansısa KİV fəaliyyətini dayandırıb,  hansısa jurnalist işsiz qalıbsa, ona yardım etmək olar. Lakin belə bir fakta rast gəlməmişəm. Bizimlə müqayisədə çox acınacaqlı durumda olan insanlar var, onların boğazına şərik olmağa ehtiyac yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu