Maska ixrac edə bilərik: “Azərbaycanın buna gücü çatar”  

Koronavirus pandemiyası ilə əlaqədər bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tibbi maskaya tələbat artıb. Bunu nəzərə alaraq dövlət başçısının tapşırığı ilə Sumqayıtda tibbi maska istehsal edən müəssisə tikildi. Bir neçə gün əvvəl isə həmin müəssisəsinin açılışı oldu. Açılış zamanı ölkə başçısı bu və ya digər məsələlərlə bağlı nitq söylədi. Prezident bildirdi ki, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır:

“Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri”.

Bundan başqa ölkə başçısı süni qiymət artımına da toxunub:

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Dövlətin sözügedən addımını “Sherg.az”a qiymətləndirən iqtisadçı ekspert Fuad İbrahimov düşünür ki, Azərbaycan hətta qonşu ölkələr üçün də maska ixrac edə  bilər:

 “Əslində bütün sərhəd qonşularımızda, yəni Rusiyada, Türkiyədə, İranda və Gürcüstanda da tibbi maska istehsal edən müəssisə var. Buna baxmayaraq, obyektiv səbəblərlə bağlı olaraq həmin ölkələrdə də tələbat və qıtlıq yaranıb. Sevindiricidir ki, Azərbaycan müasir infrastukturundan operativ şəkildə istifadə etdi. Əlbəttə, ilkin məqsəd idxala ehtiyacı azaltmaq idi. Amma düşünürəm ki, bu sürətlə davam etsək, hətta ixracatçı tərəfə çevrilə bilərik. Azərbaycanın  buna gücü çatar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu