“Qlobal fəlakətə qarşı mübarizədə həmrəy olmalıyıq” - Buna məhkumuq ! 

“Birlikdə olmasaq, bir-birimizə dayaq durmasaq, bir-birimizi qorumasaq ciddi fəsadlar ortaya çıxa bilər” 

“Təkcə şəxsiyyət vəsiqəsi ilə vətəndaş olunmur, insan öz məsuliyyəti, qeyrəti, əxlaqı, insanlığı əhatə edən bütün cəhətləri ilə vətəndaş olur”


“Koronavirus fəlakəti bütün dünyanı əhatə edən qloballaşma ideyasının iflasa uğramasının nəticəsidir”. 
Bu barədə “Sherg.az”a açıqlamasında Dövlət mükafatı lauretı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyib. 
Professor bildirib ki, tarix “sərhədsiz dünya” siyasətinin düzgün yol olmadığını göstərdi: 

“Bu siyasət həyata keçiriləndən həm regional müharibələr, həm milli ziddiyyətlər, eyni zamanda bu cür xəstəliklər ortaya çıxmağa başladı. Biz sərhədləri bağlamağa məcbur olduq. Bu sahədə Prezident İlham Əliyev çox böyük uzaqgörənlik və rəşadət göstərdi, fədakarlıq etdi. Dövlət başçısı öz millətini qorumaq üçün bütün vasitələrdən istifadə etdi. Bu, “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyən ölkə rəhbərinin böyük Vətən sevgisinin, xalq məhəbbətinin ifadəsidir. Dünyanın bütün prezidentlərindən fərqli olaraq İlham Əliyev bu barədə nümunə ola bilər. Dövlət bacardığı hər tədbiri görür. Həkimlərimiz, polisimiz fədakarlıq göstərirlər, özlərinin əsl ləyaqətli simalarını nümayiş etdirirlər. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə Azərbaycan vətəndaşının bu hadisələrə sivil münasibət bəsləməsidir. Qlobal fəlakətə qarşı mübarizədə mütləq həmrəy olmalıyıq. Biz buna məhkumuq. Əgər birlikdə olmasaq, bir-birimizə dayaq durmasaq, bir-birimizi qorumasaq ciddi fəsadlar ortaya çıxa bilər”. 

Alim bildirib ki, bəzi məsuliyyətsiz insanlar heç bir iş-gücü olmadan boş yerə küçələrə çıxırlar: 

“Onların heç zəruri işi də yoxdur. Mən o cür adamlara müraciət edirəm ki, türk milləti olduğumuzu unutmasınlar. Bütün dünya bizə baxır və bizi nümunə kimi görür. Ona görə də evdə oturmaq lazımdır. Hamı bir ağızdan bağırır ki, bu xəstəliyin zərdabı hələki yoxdur. Bir yolu var, o da evdə qalmaqdır. Evdə qalmaq o deməkdir ki, sən özünü, ailəni, qonşunu, cəmiyyəti, bütün insanları qoruyursan. Biz ziyalılar xalqa dönə-dönə izah etməliyik. Əlbəttə, hamıdan eyni münasibəti gözləmək olmaz. Əfsuslar olsun ki, bir çox adam hələ kütlə səviyyəsindədir. Kütləni xalqa çevirmək üçün böyük maarifçilik işi aparmalıyıq. Bugün Azərbaycanda qlobal şəkildə maarifçilik işi aparmaq lazımdır. Vətəndaşlara öz vəzifələri izah olunmalıdır. Təkcə şəxsiyyət vəsiqəsi ilə vətəndaş olunmur, insan öz məsuliyyəti, qeyrəti, əxlaqı, insanlığı əhatə edən bütün cəhətləri ilə vətəndaş olur. Hamı indiki real vəziyyəti dərk etməlidir”. 

N.Şəmsizadənin fikrincə, hər bir fərd bugün qəhrəman olmalıdır, nümunə olmalıdır: 

“Xüsusilə, ağsaqqallar nümunə olmalıdır. Mənim yaşım 65-dən yuxarıdır. Bizim vəzifəmiz gəncləri başa salmaqdır. Cənab Prezidentimizə kömək etməliyik. Ana kimi öz xalqına müraciət etmiş Mehriban xanım Əliyevanın səsinə səs verməliyik. Ölkə rəhbərliyi xalqa çox səmimiyyətlə müraciət edir. Bizim də bugünkü vəzifəmiz adi deyil, tarixi vəzifədir. Bunu nəzərə almalıyıq. Burada heç bir özbaşınalıq keçməz”.                                                               

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu