Ən optimal üsul: “3 aylıq kredit faizləri dondurulsun !” – TƏKLİF 

“Mərkəzi Bank ilk 6 ayı tamamilə faizsiz olaraq, növbəti 6 ayda isə 2-3 faizlə banklara manatla kredit verməlidir”


Pandemiya dönəmində tez-tez gündəmə gələn məsələlərdən biri də vətəndaşların banklara olan borclarına müəyyən güzəştlərin tətbiq olunmasıdır. Çünki koronavirus və karantin rejimi ilə əlaqədar bir çox qurumların fəaliyyəti ya tamamilə dayandırılıb, ya da məhdudlaşdırılıb. Buna görə də vətəndaşlar bank kreditlərini vaxtında ödəmək imkanından məhrum olublar. Lakin buna baxmayaraq, banklar borclu müştərilərinə davamlı zəng edərək ödənişi həyata keçirməyi tələb edirlər. Bu məsələ ötən gün Milli Məclisin plenar iclasında da müzakirə olunub. Millət vəkili Aydın Mirzəzadə özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif edib. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən deputat bildirib ki, kredit borclarının dondurulmasına ehtiyac var. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə sözügedən məsələnin müzakirə olunduğunu deyib. 



Əksər vətəndaşı maraqlandıran məsələni “Sherg.az”a təhlil edən iqtisadçı-ekspert Natiq Cəfərli bank kreditlərinə güzəşt edilməsinin zəruri olduğunu vurğulayıb. 
Ekspertin sözlərinə görə, vətəndaşların iş yerləri qapandıqca, gəlirləri azaldıqca, onsuz da istehlak kreditlərinin qaytarılması problemə çevriləcək: 

“Vaxtında tədbirlər alınmazsa, problemli kreditlərin həcmi artacaq. Bir müddətdən sonra dövlət bu işə müdaxilə etmək məcburiyyətində qalacaq. O zaman isə problemi həll etməyə daha çox vəsait tələb olunacaq. Həm vətəndaşlara, həm də bank sektoruna dövlət dəstəyi olmazsa, indiki pandemiya dönəmində ayaqda qalmaları mümkün deyil. Dəfələrlə mətbuat vasitəsi ilə fikirlərimizi səsləndirmişik. Ən azı 3 aylıq kreditlərin faiz dərəcələrinin hesablanması təxirə salınmalıdır. Özü də bu qərar bütün növ kreditlərə, istər istehlak, istərsə də kommersiya kreditlərinə şamil edilməlidir. Kommersiya kreditləri ilə bağlı daha tez qərar verilməlidir. Çünki bir çox sahələrin fəaliyyəti rəsmən dayandırılıb. İctimai-iaşə, qeyri-ərzaq ticarəti, turizm şirkətləri rəsmən bağlanılıb. Bunların bağlanmasının cəzasını iş adamları çəkməməlidir. Onların qazancı yoxdursa, təbii olaraq aldıqları kreditləri vaxtında qaytara bilməyəcəklər. Ən optimal üsul 3 aylıq kredit faizlərinin dondurulmasıdır. Əlbəttə, banklar buna razı olmayacaq. Çünki gəlirlərini itirmək istəmirlər. Belə olan halda banklara xüsusi güzəşt paketi təklif oluna bilər”. 

İqtisadçının firkincə, güzəşt paketi 2 hissədən ibarət olmalıdır: 

“İlk növbədə banklar 3 aylıq bütün növ dövlət ödənişlərindən, vergilərdən tam azad edilməlidir. Amma bu da itkilərin bərpası üçün yetərli olmayacaq. Ona görə də Mərkəzi Bank ilk 6 ayı tamamilə faizsiz olaraq, növbəti 6 ayda isə çox aşağı faizlə, yəni 2-3 faizlə banklara manatla kredit verməlidir. Əgər banklar aldıqları kreditə görə MB-a 6 ay faiz ödəməyəcəklərini bilsələr, postpandemiya dövründə aktiv kreditləşmə siyasəti apararaq itkilərini geri qaytara bilərlər. Yəni aldıqları krediti daha yüksək faizlə istehlak və biznes kreditlərinə yönəldərək pul qazana bilərlər. Burada həm bankları ayaqda saxlamaq lazımdır, həm də vətəndaşların və iş adamlarının durumu nəzərə alınmalıdır. Bank böhranının yaşanmaması üçün bu addımları atmaq zəruridir”.  

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu