Yazarlar karantini necə keçirir ? ! – “Tənhalığa çəkilməyə öyrəşmişik” - SORĞU 


Dünyanı ağuşuna alan koronavirus kabusu davam edir. Bəşəriyyətin bəlasına çevrilmiş bu pandemiyadan qorunmaq üçün digər ölkələrdə yanaşı, Azərbaycanda da xüsusi karantin rejimi tətbiq edilib. Və bu, hər birimizin həyatına təsir göstərir. Hər kəs zamanını bir məşğuliyyətlə keçirib, özünü ovundurur. Bəs görəsən, karantin rejimi  ədəbiyyat nümayəndələrinə necə təsir göstərib və onlar bu müddətdə hansı işlərlə məşğul olurlar? 


"Biz həmişə karantində oluruq"

Sualımıza ilk cavab verən yazar Ayxan Ayvaz hazırda kənddə yaşadığını dedi:

“Karantin günləri də bəxtimdən kənd həyatına düşdü. Səhər erkən qalxır, həyətdə, ağacların arasında dolaşıram. Kitab oxuyuram. Hazırda "Madam Bovari" keçib əlimə, yaxşı gedir. Hərdən bir ilham, güc gələndə yazıram. Filmlərə baxıram, daha çox məşhur olmayan filmlərə. Ev işləri görürəm. Qab yuyuram daha çox. Xoşuma gəlir bu. Ağacları sulayıram. Göy-göyərti yetişdiririk. Qaldığımız evdəki baba çox maraqlı adamdı, şeirlər qiraət edir, mən də onu videoya çevirirəm. Yəni belə desək, əvvəl necəydisə, indi də elə. Yaradıcı adamlar üçün karantin bir şansdı həm də. Ümumiyyətlə, biz həmişə karantində oluruq. Öz çiləsinə çəkilən sufi kimi. Yaradıcılıq insanın tənhalıq ərazisidir. Biz onsuz da tənhalığa çəkilməyə öyrəşmişik”.

“Dörd divara dəmir barmaqlıq yox, 4 güzgü kimi baxmaq lazımdır”

Şair-publisist Tural Turan karantinin ilk günlərini Qazaxda və Şəmkirdə keçirdiyini dedi:

“Bir neçə gündür ki, Bakıdakı kirayə qaldığımız evə yerləşmişik. Şəmkirdə olanda gündüzlər təsərrüfat işləri ilə məşğul olurdum. Bağda işləyirdim. Yer belləyir, çayır təmizləyirdim. Bağdakı arxların kirdələrini düzəldirdim. Axşamlar da yazı-pozu işləri. Karantin dövrünün sərtləşdirilməsi mənə düşdü. Rayonda olarkən yeni romanımı yazmağa başladım. Bakıya gələndən iş-güc çoxdur. Romanı işləməyə vaxt qalmır. İşlədiyim redaksiyanın tapşırıqlarını yerinə yetirirəm. Boş vaxtım olanda Ümmülbanu Baninin “Qafqaz günləri”ni oxuyuram. Artıq bitirmək üzrəyəm. Bitən kimi Svayqın “Yad qadının məktubu”na başlayacağam. Artıq bir ilə yaxındır ki, şeirlər yazmıram. Son olaraq bir şeirlər kitabım çıxacaq. Keçmişdə yazılan və çap olunmayan şeirlər. Onları toplamaqdayam. Amma hələ çap etdirmək fikrim yoxdur. Karantin günlərində 51 şeirimi bir yerə yığıb redaktə və karrektəsini etmişəm. Evdə qalmaq gözəldir. Xüsusən də yaradıcılığı olmayanlara, özün-özünü daha yaxından tanıyırsan. İstedadlı tərəflərin üzə çıxır. Bir dostum var, heç bir sahədə çalışmır. Karantin günlərində öz həyəti üçün talvar yığıb. Təbii ki, bekarlıqdan. Ömründə əlinə mismar-çəkic almayan adamdı. Dörd divara dəmir barmaqlıq yox, 4 güzgü kimi baxmaq lazımdır. O zaman sıxılmayacaqsınız. Bu, nəsihət deyil, gör-götür və təcrübədir. İnsanlara sözüm odur ki, özlərini evə həbs etməsinlər. Küçələrdəki məhbəslərini evlərindəki azadlıqlarına dəyişsinlər. Ailələrinə daha çox zaman ayırsınlar, ailələrinin indiki davamedici zaman formasındakı ruh halına yoldaş olsunlar. Uşaqlıqlarını xatırlasınlar, uşaq şıltaqlıqlarını həyat yoldaşları, ataları ilə birgə işləsinlər. Küçələrdə bunu etmək olmur. Əslində “ev həbsi” beyinlər üçün format dövrüdür. Təzələnmədir. Məsələn, gül-dibçəklərinin dibinə keşniş-şüyüd əkin, divarlarınızın aboylarından bezdinizsə, şəkillər çəkin. Bəlkə də ortaya bir sənət əsəri çıxacaq?! Kafe və çayxanalar üçün darıxanlar isə bir taksi tutub onlayn kabab sifarişi yerinə yetirən kafelərə getsinlər. İki şiş kabab sifariş verdikdən sonra onu elə taksidəcə üçlükdə təpişdirsinlər. Elə dünən bunu bir şair dostumla elədik. İnanın ki, kafedə üç saat oturub həzz almaqdan da qat-qat həzverici performans və əyləncədir. Dövlət 2 saat bayıra çıxmağa icazə verir. Mağazaya gedib bazarlıq edə bilməyiniz üçün bu saatlar da çoxdur. Əsas fantaziləri evə saxlayın, darıxanlarınız üçün”.

“İçimizdə əbədi və ünvansız darıxmaq hissi var”

Yazar-şair Kəramət Böyükçöl bir aydan artıqdır ki, İmişli rayonunun Əliqulular kəndindədir:

“Burada şəhərdəki kimi sıxlıq deyil, kənd yeridi, evlərin bir-biri ilə arasındakı məsafə böyükdür. Məncə, bura şəhərdə yaşamaqdan daha rahatdı. Hazırda baba evimizdəyəm. Hərdən toyuqlara dən verirəm, qoyun-quzuları otarmağa aparıram. Əmilərim, bibilərim hamısı bu kənddə qalır. Rahat gəzib dolaşırıq. Karantin rejiminin məhdudiyyətləri və əziyyətini Bakıdakı insanlar kimi çəkmirəm. Kənddə müvəqqəti yaşayıram, amma darıxdığım da olur. Darıxdığım zaman filmlərə baxıram və kitab oxuyuram. Məndəki darıxmaq karantin rejimi ilə əlaqədar qoyulan məhdudiyyətlərlə bağlı deyil. İçimizdə əbədi və ünvansız darıxmaq hissi var. Bu, hər zaman olur. Narahatlığım yalnız insanların işsiz olması, maddi sıxıntılarıdır”. 

“Təcrid arzuladığım yaşam tərzidir”

Yazıçısı Mirmehdi Ağaoğlu bildirib ki, yalnız işə getmədiyi günlərdə “Evdə qal” çağırışına əməl edir:

“İşimizlə əlaqədar evdən çıxmağa məcburuq. Lakin evdə qaldığım günlərdə təcrid qaydalarına tam əməl etməyə çalışıram. Bədniyyətlik çıxmasın, əslində "evdə qal" çağırışı mənə sərf edir, həmişə arzuladığım yaşam tərzi olub. Cibdə pul olandan sonra kim istəməz ki, evdə qalsın, sevdiyi əsərləri oxusun, filmlərə baxsın, yazsın-pozsun? İşləmək ehtiyacından çox vaxt bunları etməyə vaxtımız qalmır və ya məhdud olur. İndi isə bunları etmək üçün bol vaxtım var. Bu müddət ərzində çoxdan bəri oxumaq istədiyim, lakin elektron variantda olduqları üçün heç vaxt imkanlaşdırıb oxuya bilmədiyim üç romanı oxumuşam. Bunlar Mübariz Cəfərlinin “Bərpaçı”, “Bənna”, “Bağban” romanlarıdır ki, artıq bitirdim. Hazırda isə Səfər Alışarlının “Moestro” romanını yarılamışam. Oxuduğum başqa kitablar da var. Bundan başqa uzun müddət baxmaq istəyidim filmlər vardı, onların bir çoxuna artıq baxmışam. Yarımçıq qalmış iki hekayəm var idi, bitirdim. Hazırda yeni hekayə üzərində işləyirəm və ötən yay bir fəslini yazıb saxladığım romanıma təzədən qayıdıb ardını davam etdirməyə çalışıram. 
Təcrid arzuladığım yaşam tərzidir. Sadəcə uzun müddət evdə qalanda hərəkətsizlikdən müəyyən fəsadlar yarana bilər, bunun üçün də arada gimnastika hərəkətləri etmək məsləhətdi. Yeri gəlmişkən, deyim. Hamı ucdantutma “evdəqal” çağırışları edir, düzdür, lakin evində yeməyə bir tikə çörəyin olmayandan sonra heç bir xəstəlik, virus səni qorxutmur. Onları düşünmək lazım, boğazdan yuxarı “evdə qal” çağırışlarına nə hacət! Mən heç kəsə çağırış etmirəm, sadəcə deyirəm ki, indiki dövrdə virusdan qorunmağın ən münasib yolu budur, çalışın özünüzü qoruyun, Allah da sizi qorusun”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu