Fuad Babayev: "Koronavirus cəhənnəmə vasil olacaq"

"Yaddaşlarda qalanlar içərisində o şəklin xüsusi yeri olacaq"

 Son vaxtlar hamı koronavirus pandemiyasından danışır, onun gətirdiyi fəsadları müzakirə edir. 2020-ci il, doğrudan da, o qədər uğurlu olmadı. Özü ilə xəstəlik, ölüm gətirdi...

Azərbaycan da öz növbəsində bu fəlakətlə mübarizə aparır. Müxtəlif ictimai- siyası şəxslər camaata müraciət edir, insanları diqqətli, ehtiyatlı olmağa çağırır.

Tanınmış jurnalist, analitik Fuad Babayev "Sherg.az"a açıqlamasında ölkəmizin koronavirusa qarşı mübarizəsindən danışdı:

"Mən sıravi Azərbaycan vətəndaşıyam. Və əlbəttə bu ölkənin hər bir vətəndaşını düşündürən problemlər məni də narahat edir. Bu gün beyinləri məşğul edən əsas məsələ xəbər lentlərini demək olar ki,  tamamilə  zəbt etmiş pandemiya problemi olduğundan gün ərzində əsasən bu barədə danışırıq. Bu barədə düşünürük. 
Dövlətimiz pandemiya ilə qətiyyətlə mübarizə aparır. Həkimlərimizin, hüquq-mühafizə orqanlarında çalışan insanlarımızın, jurnalistlərimizin, xalqa xidmət göstərən bütün görəvlilərin zəhməti itməyəcək.  
Pandemiya özünəməxsus lakmus kağızı kimi bir çox məsələlərə aydınlıq gətirdi. Təfərrüatlara varmadan yalnız bir “epizod” üzərində dayanmaq istərdim.
Şəhərlərmizdən birindəki ərzaq mağazasında çəkilmiş foto diqqətimi cəlb etdi. Cürbəcür ərzaq məhsulları düzülmüş rəflərin üzərində elan vardı. Elanda yazılmışdı ki, ehtiyacı olanlar istədikləri ərzaq məhsullarını götürə bilərlər, imkanı olanlar isə nəsə alıb əlavə edə bilərlər.
Doğrusu, bu şəkil məni əməlli-başlı təsirləndirdi. Və indi mənim üçün doğma olan “Şərq”in dəyərli oxucuları ilə bir qənaətimi bölüşmək istəyirəm: Koronavirus cəhənnəmə vasil olacaq, özü də ümid edirəm ən yaxın gələcəkdə. Yaddaşlarda qalanlar içərisində  bu şəklin xüsusi yeri olacaq".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu