“Türkdilli dövlətlərin yardımlaşmaq təşəbbüsü digərlərinə nümunədir” - AKTUAL


Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə Görüşü keçirilib. Bu dəfə təşkil olunan görüş koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Görüşü təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az” a açıqlamasına görə,  Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra görüşün təşkili Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu göstərir.  Türk Şurasının videokonfrans formatında keçirilən fövqəladə Zirvə Görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyes da iştirakını xatırladan politoloq bunu əhəmiyyətli bir amil kimi qeyd edib:

 “Ötən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi və Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini genişləndirib.  

Bu gün koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılır və faciəvi nəticələrə gətirib çıxarır. Xüsusilə qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş Zirvə Görüşünü keçirməyə nail oldu. Nümunəvi səviyyədə olan bu həmrəyliyin əsasında ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər dayanır. Pandemiyanın bütün dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə, əməkdaşlığa və qarşılıqlı səmərəli fəaliyyətə ehtiyacı var”. 

İ.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdı, bu gün də atır: 

“ÜST-nin baş direktoru, doktor Tedros Adhanom Qebreyesus mart ayının 23-də Prezident İlham Əliyevə məktub ünvanladı. Azərbaycanda görülmüş işlərə yüksək qiymət verdi.  Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirildi. Əlbəttə, bu heç də təsadüfi deyildi. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. 
Bu səbəbdən də Zirvə görüşünün keçirilməsinin əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsi aparmaq, lazım olan anda bir-birinə dəstək göstərmək və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə nail olmaq idi. Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”.

Politoloq hesab edir ki, Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir: 

“Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşır. Tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir.

Rəqəmlərə nəzər salsaq görərik ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. 
Türk Şurasına üzv dövlətlər arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması, eyni zamanda sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələr ərazisində qalan vətəndaşlara dəstək və yardım göstərmək üçün yaxşı imkanlar vardır”. 

Bundan başqa, STM-nin baş məsləhətçisi vurğulayıb ki, ümumilikdə videokonfrans çərçivəsində baş tutan görüşü çox yüksək dəyərləndirir:

“Bütün dünyanı öz cənginə alan koronavirus “COVİD-19” pandemiyasına qarşı türkdilli dövlətlərin əməkdaşlıq etmək, yardımlaşmaq və birgə mübarizə aparmaq təşəbbüsləri digər beynəlxalq və regional təşkilatlar üçün də nümunə rolunda çıxış edə bilər. Görülən bütün tədbirlər və atılan bütün addımlar vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu