Yeni iqtisadi siyasətin üç hədəfi: iqtisadi sabitlik, məşğulluq və sosial rifah !

"Sosial proqramlar ixtisar olunmayacaq.  Və ilin sonuna qədər tam şəkildə icra olunacaq”

“Amma düşünürəm ki, dövlət büdcəsi xərclərinin qrafalarını yenidən nəzərdən keçirilməyimizə ehtiyac yaranacaq”




2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev dövlət xərclərinə yenidən baxılacağını və prioritet təşkil etməyən xərclərin ixtisar ediləcəyini deyib. Ölkə başçısı qeyd  edib ki, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalı, həm investisiya, həm də cari xərclərə yenidən baxılmalıdır: 
"Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlanacaq”.



Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışını dəyərləndirən millət vəkili Azər Badamov "Sherg.az"a artıq dünyanın  yeni bir dövrə qədəm  qoyduğunu deyib:

 “Bu, qlobal pandemiya dövrüdür. Qlobal pandemiyanın özü ilə iqtisadi böhran gətirəcəyi günün reallığına çevrilib. Hətta beynəlxalq maliyyə qurumları ifadə edirlər ki, pandemiyanın yardacağı iqtisadi böhran 2008-2009-cu illərin böhranından da ağır olacaqdır.  Ona görə də Azərbaycan dövləti qabaqlayıcı tədbirlər görməlidir. 2020-cı ilin dövlət büdcəsi hesablananda nə neftin qiymətinin dünya bazarlarında 3 dəfəyə qədər ucuzlaşacağını, nə də koronavirus pandemiyasının yaranacağını proqnozlaşdırmaq olardı. Amma reallıq odur ki, bu gün bütün dünya iqtisadi çətinliklərə sürüklənməkdədir.

Deputat Prezident İlham Əliyevin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri koronavirus pandemiyası dövründə, həm də postpandemiya dövründə ölkəmizdə atılması vacib addımların yol xəritəsi hesab edir. Onun sözlərinə görə, ölkəmizdə cənab Prezidentin tapşırıqları ilə operativ qabaqlayıcı tədbirlər görülür və yeni iqtisadi siyasətin üç hədəfi müəyyənləşdirilib; iqtisadi sabitlik, məşğulluq və sosial rifah: 

“Biz I rübün dövlət büdcəsinin icrasına nəzər salsaq görürük ki, dövlət büdcəsinin gəlirləri 7 milyard 811 milyon manat, xərcləri isə 5milyard 255 milyon manat olub. Ümumi hesabda isə 2,5 milyard manat profisit yaranıb. Dövlət büdcəsinə vergi və gömrük orqanlarından proqnozdan əlavə 312.2 milyon manat əlavə vəsait daxil olub. Yəni iqtisadi mənzərə müsbətdir”. Bununla belə deputat hesab edir ki,  koronavirus pandemiyası və neftin qiymətinin kəskin ucuzlaşması yeni bir yanaşmanı tələb edir:

“Neftin qiymətinin ucuzlaşması gəlirimizi azaltması ilə yanaşı pandemiya ilə mübarizə, iqtisadi fəallığın qorunması, məşğulluq və sosial rifahına dövlət dəstəyinə ehtiyacı  əvvəlcədən planlaşdırılmamış yeni xərcləri meydana çıxardıb.  Bu da dövlət büdcəsində yeni xərclər deməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, sosial proqramlar ixtisar olunmayacaq.  Və ilin sonuna qədər tam şəkildə icra olunacaq. Amma düşünürəm ki, dövlət büdcəsi xərclərinin qrafalarını yenidən nəzərdən keçirilməyimizə ehtiyac yaranacaq. Çox da vacib olmayan investisiya layihələrinin müəyyən bir vaxta təxirə salınmasına ehtiyac yaranacaqdır. Düşünürəm bu,  sosial infrastrukturun yenidən qurulmasına ayrılacaq xərclər ola bilər. Yarımçıq layihələr başa çatdırılsa da, yeni layihələrin başlanmasına müəyyən müddətə fasilə verilməlidir. Sonda qeyd etmək istəyirəm ki, düzgün hesablanmış iqtisadi siyasət pandemiya böhranından az itkilərlə çıxmağımıza yol açacaqdır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu