“Azərbaycan dövləti milli-mənəvi dəyərlərin ən böyük qarantıdır”

“Dövlət tərəfindən həyata keçirilən tədbirlər, icra olunan sosial layihələr xeyriyyəçilik yolunda olanları istiqamətləndirən bir işıqdır”




Azərbaycan xalqı tarixən üzləşdiyi faciələr, ağır günlər, çətinliklər zamanı birləşməyi bacarıb, qara günləri birlikdə, həmrəy olaraq adladıb.  Örnəklər çoxdur. İstər milli-azadlıq hərəkatı, 20 yanvar faciəsi, istərsə də Qarabağ müharibəsində, qaçqın-köçkün dalğası zamanı insanlarımız çörəyini qonşusu ilə bölüb, bir-birinə dəstək olub. Bu adət-ənənə xalqımıza kökündən gələn mirasdır.

Və ən servindirici olan da budur ki, Azərbaycan dövləti, Prezident İlham Əliyevin timsalında bu adət-ənənələrin yaşadılması və qorunması nümunəsini bu gün bütün dünyaya göstərir. Hazırda yaşadığmız bu çətin günlərdə, koronavirus bəlası ilə üz-üzə dayandığımız bir zamanda yenə də xalqımızın ulu adət-ənənəsinə bağlı olduğunu gördük. Dövlətimiz lazımi addımları atdı, atmaqda davam edir.

Koronavirusla Mübarizə Fonduna Prezident İlham Əliyevin ardınca yüzlərlə sahibkar, iş adamı, şirkətlər, holdinqlər, sadə vətəndaşlar yardımlar etdi. Həmçinin dövlətin aztəminatlı ailələrə, işsiz insanlara göstərdiyi qayğı ilə yanaşı, ayrı-ayrı şəxslər, şirkətlər də yardım edirlər. Hər gün sosial şəbəkələrdə necə-necə belə xəbər izləyirik. Dünən Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirdiyi müşavirədə yardımlaşma ənənəsinin üzərində xüsusilə dayandı.   
        
"Həssas təbəqənin qorunması - hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik” söyləyən Prezident qeyd etdi ki, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir:

"Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər”.



Xalqımızın bu xeyirxah ənənəsini yaşadanlardan biri də "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyidir. Birlik Prezident İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” şüarına dəstək olaraq böyük yardım kampaniyası həyata keçirir. Birliyin sədri Sevinc Əzimbəyli dövlətin bu sahədə üzərinə düşən bütün addımları atdığını, aztəminatlı ailələrə yüksək səviyyədə dəstək olduğunu, onlara sahibləndiyini bildirib:

 "Biz də öz dəstəyimizlə dövlətimizin yürütdüyü siyasətə yardımçı olmağa çalışırıq. Son on gün ərzində 500-dən çox aztəminatlı ailəyə baş çəkdik. Onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı payladıq, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə etdik".

S.Əzimbəyli qeyd etdi ki, Azərbaycan xalqının milli və dini kimliyində xeyriyyəçilik ənənələri həmişə öndə olub: 

- Azərbaycan dövləti milli-mənəvi dəyərlərin ən böyük mühafizəçisi, qarantıdır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər, icra olunan sosial layihələr xeyriyyəçilik yolunda olanları istiqamətləndirən bir işıqdır. Xalqımız xeyriyyəçilik ənənələrinə sahibdir, eyni zamanda dövlətin həyata keçirdiyi işlərdən də örnək alır. Bu ağır günlərdə, dünya koronavirus bəlasıyla mücadilə etdiyi bir vaxtda Azərbaycan dövləti aztəminatlı ailələrə, karantin qaydalarının tətbiqi ilə iş yerini müvəqqəti itirənlərə dəstək olacağını elan etdi.

Ahıl insanlara yardım göstərilməsinə başlandı. Əlbəttə ki, bu işlər ayrı-ayrı şəxslər, şirkətlər üçün də xeyriyyə aksiyaları keçirməyə stimul oldu. “Yeni Üfüq” Birliyi 20 ildən artıqdır yardımlaşma kampaniyaları təşkil edir. Bu dəfə də birlik imkanı daxilində şəhid, qazi ailələrinə aztəminatlı insanlara yardım edir. Son 10 gün içində 500-dən artıq haqq sahibini ziyarət etmişik, ərzaq yardımı göstərmişik. Bu ağır günlərdə insanlara yardım göstərmək, həm vətəndaş, həm də həqiqi müsəlman olaraq üzərimizə düşən vəzifədir. 

- S.Əzimbəyli bildirdi ki, Koronavirusla Mübarizə Fonduna edilən köçürmələr   onu çox sevindirir: 

- Çox istərdim ki, mənəviyyat adamları Fonda vəsait köçürmələrini bu ağır günlər başa çatdıqdan sonra da davam etdirsin. Bu, iş adamlarının da, dövlət rəsmilərinin də, bir növ zəkatı olsun.                                                                                       

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu