Separatçıların yeni “lider”ini köhnə problemlər gözləyir - TƏHLİL

“Dağlıq Qarabağda 14 apreldə “prezident seçkisi”nin ikinci turunun “qalibi” bəlli oldu. Separatçıların keçmiş baş naziri Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Amma bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələri”nə getdiyi ağlabatan deyil”. 

Bu barədə “Sherg.az”a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, “seçki oyunu” keçirsələr, belə vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar:

“Hətta yaşı 65-dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələri”nə gəlməsinlər. 
Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunnu” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb. 
Bəlkə də Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq “seçki” keçirməyə qərar veriblər. Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var və bu say getdikcə artır. Təsadüfi deyil ki, separatçılar “seçki”dən əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl bölgədə məktəblərin fəaliyyətini dayandırıblar. Separatçılar mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər”. 



“Separatçıları fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib?” sualına gəlincə, E.Şahinoğlu bildirib ki, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu”  keçirməyə qərar verib:

“Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçıları  “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar.
Üçüncüsü, separatçılar qorxublar ki, “seçki” təxirə salınsaydı, bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. 
Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib. Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyandan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlkitək Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu